Ingenuity dronu Marsa endi

NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib. Öz Twitter hesabında agentlik dronun Mars səthindəki ilk fotolarını təqdim edib. Həmin fotolar Perseverance Mars aparatı vasitəsilə çəkilib. Bundan əlavə olaraq NASA mütəxəssisləri sözügedən dronun gözlənilən ilk uçuş tarixini də elan ediblər. NASA təqdim etdiyi fotolarda qeyd edib ki, dronun Mars səthinə yerləşdirilməsindən sonra o, qırmızı planetin soyuq gecəsini geridə qoymalıdır. Qeyd etmək lazımdır ki, Marsda gecələr temperatur -90 dərəcəyə kimi enə bilir.

Planetin səthinə yerləşdirilməmişdən öncə dronun həssas elektronikası Perseverance aparatının elektrik şəbəkəsi sayəsində qızdırılırdı. İndi isə Perseverance-dan ayrılandan sonra dron öz həssas elektronik komponentlərini fərdi batareyalar vasitəsilə qızdırmalıdır. Həmin batareyalar günəş enerjisi vasitəsilə çalışırlar. Ingenuity-nin ilk uçuşu 11 aprel tarixinə planlaşdırılır. Həmin müddətə kimi isə dronun testi və uçuşa hazırlığı reallaşdırılacaq. Dronun əsas məqsədi onun kimi aparatların Marsda uça bilib-bilmədiklərini öyrənməkdir.

Belə ki, Yer kürəsindən fərqli olaraq Marsda atmosfer sıxlığı 1%-dən az təşkil edir. Bununla yanaşı sözügedən dron kameralar ilə təchiz olunub. Həmin kameralar vasitəsilə çəkiləcək fotolar ilk öncə Perseverance aparatına, daha sonra isə Perseverance-dan Yer kürəsinə ötürüləcək. Qeyd etmək lazımdır ki, 1.8 kq ağırlığında olan bu dronun qiyməti 85 milyon dollar təşkil edir. Bu, digər planetə göndərilmiş ilk uçuş aparatıdır. Onun missiyasının uğurlu olacağı halında Marsın müşahidə edilmə miqyası daha da genişlənəcək.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ gəmilərini Qara dənizə göndərir: Kiyevə dəstək

SONRAKI XƏBƏR

Erməni generallar Müdafiə Nazirliyinin hasarının üstündən tullanmalı oldu