Volkswagen təklif etdiyi krossoverlərin çeşidini genişləndirib - FOTO

Volkswagen təklif etdiyi krossoverlərin çeşidini genişləndirib - FOTO

Volkswagen şirkətinin yığcam krossoverlərinə daha bir model də qoşulub - ənənəyə uyğun olaraq adı T hərfi ilə başlayan yeni krossover, Hindistan bazarında satılacaq Taigun modelidir. Yeni modelin seriyaöncəsi versiyası 2020-ci ildə göstərilsə də, avtomobilin "əmtəə" variantı ilk dəfə nümayiş olunur. Əslində, yeni krossover artıq Avropada satılan Volkswagen T-Cross modelinin modernləşdirilmiş versiyasıdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Taigun modeli sadələşdirilmiş MQB-A0-IN modul platformasınə əsaslanır. Xatırladaq ki, bu yaxınlarda təqdim edilmiş Skoda Kushaq krossoveri də eyni platformada inşa edilib. Odur ki, Taigun modelinin mühərrik çeşidini Kushaq ilə bölüşməsində təəccüblü heç nə yoxdur.

Alman krossoveri də çex "qohumu" kimi 115 at qüvvəli 1,0-litrlik "turboüçlük" və 150 at qüvvəli 1,5-litrlik "turbodördlük" ilə təklif olunur. Baza mühərriki mexaniki qutu və ya altı pilləli "avtomat" ilə tandemdə çalışır, 1,5-litrlik aqreqat isə mexaniki transmissiya ya yeddi pilləli DSG "robotu" ilə təchiz edilir. Volkswagen Taigun modeli, alternativsiz olaraq, ön ötürməlidir.

Yeni modelin interyer şəkilləri dərc edilməyib. Taigun modelinin bahalı versiyalarının multimedia sisteminin 10-düymlük ekranını, virtual cihazlar panelini, yeni çoxfunksiyalı sükan çarxını və klimat-kontrolun sensorlu blokunu əldə edəcəyi gözlənilir. Ümumilikdə, krossoverin salon arxitekturası Kushaq modelini təkrarlayacaqdır.

Volkswagen Taigun və Skoda Kushaq modellərinin istehsalı Hindistanın Pune şəhərində zavodda yerləşdiriləcək, lokalizasiya səviyyəsi isə 95 faizə çatacaqdır. Taigun krossoveri yayda satışa çıxarılacaq, onun qiymətləri isə modelin təqdimatına yaxın elan ediləcəkdir.

Milli.Az

Mənbə: news.milli.az