Ford Bronco və GMC Hummer modellərinin ilk nüsxələri rekord qiymətə satılıblar - FOTO

Keçən həftə sonu Arizonada keçirilən Barrett-Jackson hərracı Amerikanın avtomobil sənayesi üçün əlamətdar olub. VIN kodunda seriya nömrəsi 001 olan bir neçə yeni avtomobil hərracda satılıb. Əsas ariotaj dirçəldilmiş ramalı Ford Bronco ofrouderinin və GMC Hummer elektrik pikapının ətrafında yaşanıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni Bronco ilk dəfə keçən ilin iyul ayında debüt edib, lakin kommersiya avtomobillərinin istehsalı bu yaxınlarda başlayıb və indi onlar ABŞ-dakı dilerlərə göndərilirlər. Ofrouderin qiyməti 28.500 dollardan başlayır və bütün opsiyalar ilə təchiz edilmiş Bronco First Edition modelinin qiyməti 67.000 dollara çatır. Bir nömrəli Bronco modeli 314 at qüvvəli 2,7-litrlik turbomühərrikə, 10-pilləli "avtomata" və dəri salona malikdir. Buna baxmayaraq, ofrouderin ilk seriya nüsxəsi inanılmaz qiymətə - 1 milyon 75 min dollara satılıb.

Hələ bu harasıdır! Çünki eyni hərracda GMC Hummer elektrik pikapının ilk kommersiya nüsxəsinə 2,5 milyon dollar veriblər! Əslində, bunda təəccüblü heç nə yoxdur, çünki bu nümunənin sahibi yalnız avtomobilin VIN kodundakı 1 rəqəmi ilə öyünməyəcəkdir - həm də ən azı altı ay ərzində yeni Hummer modelinin yeganə sahibi olacaqdır, çünki "adi" pikapların satışlarının başlanması payıza planlaşdırılıb. 113 min dollara satılan Edition 1 versiyasından olan bütün avtomobillər 1014 at qüvvəli üç elektrik mühərriki ilə hərəkətə gələcək və dolu batareya ilə 560 kilometr məsafə qət edəcəklər. Qeyd etmək gərəkdir ki, bu seriyadan olan bütün pikaplar artıq behləniblər.

Bu Barrett-Jackson hərracında digər "ilk nüsxələr" də satılıb, lakin onların satıldığı qiymət o qədər də ekstremal olmayıb. Məsələn, bir il əvvəl kupe versiyası 3 milyon dollara satılan ortamühərrikli Chevrolet Corvette modelinin açıq kuzovlu versiyasına cəmi 400.000 dollar veriblər. Ford Mustang Mach 1 kupesi 500.000 dollara, ekstremal Ram 1500 TRX Launch Edition pikapı isə 410.000 dollara satılıb. Avtomobil istehsalçıları əldə etdikləri gəlirləri müxtəlif fondlara və xeyriyyə təşkilatlarına bağışlayıblar.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Qanlı Kaha" - SƏNƏDLİ FİLM (VİDEO)

SONRAKI XƏBƏR

Kəmalə gözəlliyi ilə HEYRAN ETDİ - FOTO