Rusiya "Bayraktar"lara qarşı çarə arayır - VİDEO - FOTO

Rusiya "Bayraktar"lara qarşı çarə arayır - VİDEO - FOTO

Türkiyənin "Baykar" holdinqinin istehsalı olan pilotsuz uçan aparatlar (PUA) əvvəl Suriyada, sonra Liviyada hərbi əməliyyatların gedişatını və döyüşlərin operativ taktiki teatrını dəyişmişdilər.

Ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 9-da başa çatmış 2-ci Qarabağ Müharibəsində isə Türkiyənin istehsalı olan "Bayraktar TB2" döyüş-zərbə PUA-ları işğalçı Ermənistanın ordusunun hərbi texnikasını, döyüş mövqelərini, hava hücumundan müdafiə sistemini, silah-sursat anbarlarını və s. dəqiq zərbələrlə darmadağın etmişdi.

Məhz Qarabağ savaşında Azərbaycan Ordusunun PUA-lardan həddən ziyadə effektiv istifadə etməsi dünyanın bir çox ölkələrinin, habelə ABŞ-ın, NATO-nun və Rusiyanın yeni nəsil hərbi əməliyyatlar qismində qəbul edilən PUA döyüşlərinin taktikasını araşdırmağa başlamalarına səbəb olub.

Rusiya Liviya və Suriyada onun dəstəklədiyi qüvvələrə "Bayraktar TB2"lərin çox ağır zərbələr endirməsini, İkinci Qarabağ Müharibəsində isə effektiv istifadəsini nəzərə alaraq bu PUA-lara qarşı çarə aramağa başlayıb.

Uçan sursat və ya "kamikadze dron" tipli ilk PUA-sı olan "Lanset-3"ü Rusiya Suriyada 3 il əvvəl sınaqdan keçirib. Udmurtiyanın paytaxtı İjevskdə yerləşən "ZALA AERO Group" şirkətinin istehsalı olan "Lanset-3"dən Rusiya Suriyanın İdlib vilayətində "Həyat Təhrir əş Şam" qruplaşmasına qarşı istifadə edib.

"ZALA AERO Group" şirkəti "Kalaşnikov" konserninin törəmə strukturudur.

Bu, indiyədək hərbi sirr qismində gizli saxlanılırdı.

İndisə Rusiya ilk dəfə "Lanset-3" barədə açıq məlumat yayıb.

"ZALA AERO Group"un banisi və rəhbəri Aleksandr Zaxarovun dediyinə görə, 42 saat səmada qala bilən "Lanset-3"ün adi uçuş sürəti 110 km/saat, müəyyənləşdirilmiş hədəfi vurmaq üçün eniş sürəti isə 300 km/saatdır.

"Ən önəmli məsələ isə odur ki, biz dünyada ilk dəfə olaraq "səma minalanması" taktikasını hazırlamışıq. Hərbi əməliyyatlar zamanı "Bayraktar TB2"lərin hücumlarının qarşısını almaq üçün səmada bir neçə "Lanset-3" döyüş növbəsində olaraq "uçan mina" funksiyasını yerinə yetirəcəklər. Onlar "Bayraktar"ı görən kimi hücuma keçəcək və "Bayraktar"ı səmada partladacaqlar", - A.Zaxarov söyləyib.

X formalı qanadlara malik "Lanset-3" pnevmatik katapultdan buraxılır və elektrik mühərriki ilə çalışır. "Lanset-3"un ağırlığı 12 kiloqramdır.

Orxan Hun
Milli.Az

 

Mənbə: news.milli.az