COVID-19 xəstəliyi keçirmiş britaniyalılar üzərində eksperiment aparılacaq

COVID-19 xəstəliyi keçirmiş britaniyalılar üzərində eksperiment aparılacaq

Oksford Universitetinin alimləri cavan insanlar üzərində koronavirusa təkrar yoluxma hallarını tədqiq edəcəklər. Tədqiqatda iştirak edənlərin hər birinə 5 min funt-sterlinq ödəniləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eksperimentdə koronavirus infeksiyasından sağalan 18-30 yaş arası insanlar iştirak edəcək. Onlar yenidən virusla yoluxdurulacaq, 17 sutka izolyasiyada saxlanılacaq, immun sistemlərinin reaksiyası yoxlanılacaq və lazım gələrsə, müalicə olunacaqlar.

Alimlər COVID-19 infeksiyasından sağalandan sonra yaranan immunitetin təkrar yoluxmadan hansı hallarda və hansı müddətə qoruduğunu, həmçinin təkrar yoluxma üçün hansı miqdarda virusun yetərli olduğunu tədqiq edəcəklər.

ABŞ-da keçirilən araşdırma nəticəsində koronavirusdan sağalan gənclərin 10 faizinin yenidən bu infeksiyaya yoluxduğu məlum olub.

Mart ayında "The Lancet" jurnalı COVID-19 xəstəliyini keçirmiş 65 yaşdan yuxarı insanların cavanlarla müqayisədə təkrar yoluxma ehtimallarının daha çox olduğu barədə tədqiqatın nəticələrini dərc etmişdi. Həmin araşdırmaya görə, yaşı 65-dan aşağı olan insanlarda koronavirusa təkrar yoluxmadan qorunma şansı 80 faizdən çoxdur.

Mənbə: news.milli.az