COVID-19 əleyhinə vaksinlərə İNAMSIZLIQ: “Peyvəd olunan şəxslərin koronavirusa yoluxması....”

COVID-19 əleyhinə vaksinlərə İNAMSIZLIQ: “Peyvəd olunan şəxslərin koronavirusa yoluxması....”

“İnsanlar arasında düzgün maarifləndirmə işləri həyata keçirilərsə, vaksinə qarşı inam yaranar”.

 

Bu sözləri cəmiyyətdə koronavirusa qarşı vurulan vaksinlərə qarşı inamsızlığın səbəbini dəyərləndirən həkim-ekspert Nazir Allahverdiyev Yenicag.az-a açıqlamasında deyib.

Həkimin sözlərinə görə, vaksinə qarşı inamsızlıq təkcə Azərbaycanda deyil, dünyanın bütün inkişaf etmiş ölkələrində mövcuddur:

“Ümumiyyətlə, vaksinləşmə ilə bağlı mübahisəli mövzular 1998-ci ildən başlayıb. İngilis alimi tərəfindən aparılan araşdırmaya görə, bəzi peyvəndlərdən sonra uşaqlarda autizm xəstəliyi yaranıb. Bu araşdırmadan istifadə edən kütləvi informasiya vasitələrində çoxlu məqalələr fərc olundu.

Lakin həmin alim araşdırmasının elmi sübutunu edə bilmədi. Bütün hallarda o dövrdən başlayaraq insanlar vaksinə inamsız yanaşmağa başlayıblar. Əslində, vaksin virusun özündən hazırlanır. Koronavirusa qarşı hazırlanan aktiv, inaktiv və genetik olmaqla, üç növ vaksin var.

Azərbaycana gətirilən “Sinovac” şirkətinin “CoronaVac” vaksini inoktiv peyvənd qrupuna aiddir. Yəni bu vaksində kimyəvi şüa yolu ilə virusun genetik materialları məhv edilir və məhlul halına salınaraq orqanizmə yeridilir. Bu peyvəndin saxlanma şəraiti rahat olmaqla yanaşı, xəstələrdə yan təsirləri daha azdır.

Bu günə kimi “CoronaVac” vaksininin fəsadı qeydə alınmayıb. İnsanlar arasında düzgün maarifləndirmə işləri həyata keçirilərsə, vaksinə qarşı inam yaranar. Hazırda insanlar vaksinə dərman kimi yanaşırlar. Bu şayiələrin qarşısını almaq üçün mexanizm şəklində sadələşmiş variantda təbliğat aparılmalıdır”.

Koronavirusa qarşı peyvənd vurduran əksər şəxslərin virusa yoluxmasına da toxunan Nazir Allahverdiyev qeyd edib ki, vaksin vurulandan bir müddət sonra öz təsirlərini göstərməsi normal haldır:

“Çünki vaksin virusun özüdür. COVİD-19-a qarşı vurulan vaksin məxmərək, qızılça, suçiçəyi əleyhinə vurulan peyvəndlər kimidir. Vaksin insanın immun sisteminin virusla çarpışmasıdır.

Orqanizm virusla tanış olandan sonra ona qarşı hazır olur. Vaksinin vurulmasında məqsəd elə tanışlıqdır. Tanışlıq ərəfəsində temperaturun qalxması və ya koronavirus əlamətlərinin müşahidə olunması normaldır. Sadəcə xəstəliyin daha zəif ştamı yaşanır”.

Gülşən Şərif

Mənbə: yenicag.az