Fransa A400M təyyarəsi ilə havada helikopterə yanacaq doldurma sınaqları həyata keçirib

Fransa A400M təyyarəsi ilə havada helikopterə yanacaq doldurma sınaqları həyata keçirib

Fransa “Airbus” şirkəti tərəfindən istehsal edilən A400M təyyarəsi ilə havada helikopterə yanacaq doldurma sınaqları həyata keçirib. Ordu.az xəbər verir ki, bu barədə “Airbus” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yanacaq doldurma gündüz saatlarında həyata keçirilib.

Şirkət bu ilin sonunadək əməliyyatı gecə saatlarında da həyata keçirməyi hədəfləyir.

Sınaq uçuşu kampaniyası 22 Mart - 2 Aprel tarixləri arasında reallaşıb.

Fransa hal-hazırda Avropada havada helikopterə yanacaq doldurma qabiliyyətinə sahib olan yeganə ölkədir.

A400M qanadlarında və mərkəzi qanad qutusunda 56 ton yanacaq daşıya bilər, altı tonluq çənlər üçün iki əlavə yük yeri quraşdırıla bilər. A400M “Eurofighter”, “Rafale”, “Tornado” və ya F/A-18 kimi döyüşçülərə və başqa bir A400M, C295 və ya C-130 kimi digər böyük təyyarələrə yanacaq doldurma qabiliyyətini artıq nümayiş etdirib.

A400M strateji hərbi nəqliyyat və tanker təyyarəsinin istehsalı üçün nəzərdə tutulan ATLAS layihəsi 1985-ci ildə başladılıb. 2009-cu ildə ilk uçuşunu həyata keçirən A400M-in ilk istehsal təyyarəsi 2013-cü ilin avqust ayında Fransa Hərbi Hava Qüvvələrinə təslim edilib. A400M nəqliyyat təyyarəsi son vaxtlar istifadəçi ölkələr tərəfindən İraq və Suriya üzərindəki hava əməliyyatlarında fəal iştirak edir. Əfqanıstanda, Mərkəzi Afrika Respublikasında, Afrikanın Sahel Bölgəsində, Somalidə də Fransa və Türkiyə bu təyyarələrdən istifadə edib.
 

 

Mənbə: ordu.az