“Tarzan” kod adlı “Xiaomi” televizoru hazırlanır

Çinin "Xiaomi" şirkəti satışa "Redmi" brendi altında çıxarılacaq yeni smart televizor buraxmağa hazırlaşır. "Tarzan" kod adlı qurğu haqqında məlumat "Google Play Console" bazasında dərc olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Redmi TV" televizoru "MiTV-M00Q3" koduna malikdir. Söhbət "Full HD" (1920 × 1080 piksel) formatına uyğun ucuz modeldən gedir. Ekranın ölçüsü barədə məlumat verilməsə də, onun diaqonal ölçüsünün 43 düym təşkil edəcəyi ehtimal edilir.

1,2 giqahers takt tezlikli dörd "ARM Cortex A55" hesablama nüvəsi və 550 meqahers tezlikli "ARM Mali-G52" qrafik sürətləndiricisinin daxil olduğu "MediaTek T31" prosessorundan istifadə edildiyi bildirilir.

Qurğu 2 giqabaytlıq operativ yaddaşla təchiz ediləcək. Proqram platforması qismində "Android 10" əməliyyat sistemindən istifadə olunacaq.

Yeni televizorun rəsmi təqdimatı yaxın vaxtlara nəzərdə tutulur. Qiymət barədə məlumat verilmir, lakin onun yüksək olmayacağı gözlənilir.

Qeyd edək ki, bu günlərdə "Xiaomi" şirkəti diaqonalı 55 düym təşkil edən "Mi TV P1" televizorlarını nümayiş etdirib. "MediaTek MT9611" prosessoru əsasında qurulan televizorların qiyməti 280-650 avro arasında dəyişir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Hindistanda partlayış: 4 ölü, 20 yaralı

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!