Azərbaycanda proqram təminatı sahəsində piratçılıq səviyyəsi azalıb

Azərbaycanda proqram təminatı bazarında piratçılıq səviyyəsində azalma müşahidə olunur.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, son dəfə bazar araşdırması 2018-ci ildə BSA (Business Software Alliance) təşkilatı tərəfindən aparılıb və o zaman ölkə üzrə bu göstərici 81% idi.

"Hökumət tərəfindən həyata keçirilən layihələr və görülən tədbirlər nəticəsində ölkə üzrə piratçılıq səviyyəsi 10 faiz bəndi azalıb. Lakin elə qurumlar var ki, bunu müxtəlif metodlarla hesablayıb, ortaya dəqiq hesabat qoya bilərlər", - deyə Q. Mirzəyev qeyd edib.

Ekspertin fikrincə, bazarda insanların münasibəti, şirkətlərin meylləri dəyişir, istifadəçilər daha çox "bulud" həllərinə üstünlük verir: "Bununla yanaşı, əgər əvvəllər insanlar bir birinə proqram təminatının açarını ötürə bilirdilərsə, artıq bu gün bu, mümkün deyil. İstifadəçilər xidmətə abunə olur və bununla da abunəlik həmin şəxsin adına, elektron poçt ünvanına bağlı olur. Bu, bizim piratçılığın, qeyri-qanuni proqram təminatların istifadəsinin qarşısını almaq məqsədilə gördüyümüz tədbirlərdən biridir".

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkmənistan Çinə borcunu tam bağladı

SONRAKI XƏBƏR

BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib