Almaniya hökuməti parlamentdən 6-cı nəsil qırıcıya görə əlavə 5.3 milyard dollar tələb edir

Almaniya hökuməti parlamentdən 6-cı nəsil qırıcıya görə əlavə 5.3 milyard dollar tələb edir

Almaniya Müdafiə Nazirliyi 6-cı nəsil döyüş təyyarələrinin istehsalını nəzərdə tutan FCAS (Future Combat Air System) layihəsi üçün parlametdən 4.5 milyard avro (5.3 milyard dollar) ayrılmasını istəyib. Ordu.az xəbər verir ki, Almaniya parlamentinin büdcə və müdafiə komitələri Nazirliyin xahişini gələn həftə nəzədən keçirəcək.

Ayrılan vəsait layihə çərçivəsində 2021-2027-ci illəri əhatə edən tədqiqat fəaliyyətlərinə sərf ediləcək. Bu müddət ərzində layihə iştirakçıları Fransanın “Dassault Aviation” şirkətinin himayəsi altında inşa edilmiş nümunə təyyarə ilə müntəzəm sınaq uçuşlarına başlamaq istəyirlər.

Almaniyanın proqramın yeddi “sütunu” və ilk prototip təyyarənin inkişafı üzrə tədqiqat xərclərindəki payı 3.3 milyard avro təşkil edir.

FCAS layihəsində Fransanın “Dassault”, Almaniyanın “Airbus Defence and Space”, İspaniyanın “Indra” şirkətləri iştirak edir.

Layihə çərçivəsində müxtəlif növ PUA-lar tərəfindən dəstəklənəcək və inkişaf etmiş rabitə infrastrukturu ilə birləşdiriləcək yeni nəsil döyüş təyyarəsinin istehsalı planlaşdırılır. İstehsal ediləcək təyyarələr Almaniyanın “Eurofighter” və Fransanın “Rafale” döyüş təyyarələrini 2040-cı ildən etibarən əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az