Türkiyəli cütlüyün yeni xərçəng dərmanı sınaqdan keçirildi

Türkiyəli cütlüyün yeni xərçəng dərmanı sınaqdan keçirildi

Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan “BNT111” adlı “mRNA” əsaslı xərçəng dərmanı ilk dəfə bir xəstədə test edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BioNTech”in həmtəsisçisi və Direktorlar Şurasının sədri Uğur Şahin şirkətin illik iclasında çıxış edərkən bildirib.

Xərçəng müalicəsində ikinci dövr sınaqlarının başladığını açıqlayan Uğur Şahin “BNT111” adlı yeni xərçəng dərmanının ilk sınaqda müsbət nəticə verən bir xəstəyə tətbiq olunmağa başladığını söyləyib.

MRNA texnologiyası ilə istehsal olunan yeni xərçəng dərmanının monoklonal antikor dərmanı olduğu bildirilən “Libtayo” ilə birləşdiriləcəyi və bu günə qədər müalicə olunmayan dəri xərçənginin müalicəsində istifadə ediləcəyi qeyd olunub.

Preparat üzrə müxtəlif tədqiqatların davam etdiyi və bədən immunitetini təmin edən subyektiv antikorlar əlavə olunmuş “mRNA” əsaslı dərmanların digər xərçəng növləri üçün də bir ümid işığı olduğu ifadə edilib.

Qeyd edək ki, “BioNTech” şirkətinin həmtəsisçiləri türk alimlər - Özlem Türeci və Uğur Şahin cütlüyüdür. Onlar xərçəng hüceyrələrinin müalicəsi üzrə araşdırmalara daha əvvəl başlasa da, “COVID-19” pandemiyası ortaya çıxdıqdan sonra şirkət peyvənd inkişafına yönəlmişdi.

Mənbə: qafqazinfo.az