Filippində hərbi helikopter qəzaya uğrayıb, altı nəfər həlak olub

Filippində hərbi helikopter qəzaya uğrayıb, altı nəfər həlak olub

Filippin Hərbi Hava Qüvvələrinə məxsus “Black Hawk” hərbi helikopteri paytaxt Maniladan şimalda, “Klark” aviabazası yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələri gecə təlimlərində iştirak edən helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfərin həlak olduğu barədə məlumat yayıb.

Qurumun bəyanatında bildirilir ki, həlak olan ekipaj üzvlərinin adları ailələrinə lazımi qaydada məlumat verildikdən sonra açıqlanacaq. İnsidentin təfərrüatlarının və qəzanın səbəblərinin müəyyən edilməsi üçün təhqiqat aparılacaq və araşdırmanın sonunadək digər “Black Hawk” helikopterlərinin uçuşları dayandırılacaq.

Qəzaya uğrayan helikopter ötən il Filippin Hərbi Hava Qüvvələrinin sərəncamına verilən altı “Black Hawk” helikopterindən biridir. Bu seriyadan olan daha beş helikopter isə bu ilin iyun ayında alınıb.

Mənbə: azertag.az