"Pegasus" görün telefonlara hansı şəkildə daxil olur və necə ələ keçirir - TƏFƏRRÜAT

"Pegasus" görün telefonlara hansı şəkildə daxil olur və necə ələ keçirir - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Pegasus" adlı casus proqramı ilə dünyada bir çox ölkənin jurnalistlərinin, müxalifətçilərin, siyasətçilərin dinlənildiyi ortaya çıxdı. Dinlənilənlər arasında Fransa prezidenti Emmanuel Makron və digər dövlət rəsmiləri də var. Bu hadisədən sonra İsrail bəhs edilən proqrama görə araşdırma başlatdı.
Yeniavaz.com xəbər verir ki, bu barədə "The Guardian"ın əməkdaşları "Pegasus" adlı casus proqramının telefonları necə ələ keçirdiyi, insanların necə dinlənildiyi, həmin proqramın necə işlədiyinə dair araşdırma aparıblar. Bildirilib ki, bəhs edilən proqram zənglərinizi yaza, mesajlarınızı kopyalaya və gizli şəkil çəkə bilir. "Pegasus"un indiyə qədər hazırlanan ən güclü casus proqramlarından biri olduğu vurğulanır. Telefonunuza daxil olduqdan sonra özünüz hiss etmədən 24 saat izlənə, telefonunuza daxil olan bütün məlumatları istəmədən başqaları ilə paylaşa bilərsiniz. Naməlum şəxslər proqram vasitəsilə göndərdiyiniz və ya aldığınız mesajları kopyalaya, fotolarınızı yığa və zənglərinizi yaza bilər. Telefonunuzun kamerası ilə sizi gizli şəkildə lentə ala bilər və ya danışıqlarınızı qeyd etmək üçün mikrofonu aktivləşdirə bilər. Potensial olaraq harada olduğunuzu və kimlə tanış olduğunuzu müəyyən edə bilər. "Pegasus" İsrail şirkəti olan "NSO Group" tərəfindən dünyada bir çox ölkəyə satılıb. İOS və ya "Android" əməliyyat sistemində çalışan milyardlarla telefona daxil olma qabiliyyətinə malikdir. "Pegasus"un digər casus proqramlardan əsas fərqi telefona düşərkən hər hansı link, istək və ya qarşılıqlı əlaqə tələb etmir. 2019-cu ildə "WhatsApp"ın çox incə bir həssaslığından istifadə edərək 1400-dən çox telefona həmin proqram yüklənmişdi. Bunun üçün sadəcə mobil telefona bir "WhatsApp" zəngi gəlir. Qarşı tərəfin zəngə cavab verməsinə belə ehtiyac qalmadan telefona casus proqram yüklənmiş olur. Casus proqramlar üzrə mütəxəssislər "Pegasus"un telefonun müvəqqəti yaddaşında qaldığından şübhələnirlər. Bu səbəblə telefon işə salındıqdan sonra proqramın bütün izləri yox olur. Hələlik mobil telefon istifadəçiləri bu cür hücumların qarşısını ala bilmir. Ancaq bu istiqamətdə araşdırmalar davam edir.

Ruslan Yusibov

Mənbə: www.yeniavaz.com