Alimlər süd vəzisi xərçəngi hüceyrələrinin 95 faizini məhv etməyə nail olub

Alimlər süd vəzisi xərçəngi hüceyrələrinin 95 faizini məhv etməyə nail olub

ABŞ-ın İllinoys Universitetinin alimləri tərəfindən hazırlanan yeni müalicə üsulu süd vəzisində yaranan şiş hüceyrələrinin 95 faizini məhv edə bilir.

AZƏRTAC xəbər verir ki, müvafiq tədqiqatın nəticələri “Science Translational Medicine” jurnalında dərc olunub.

Tədqiqat müəllifləri həm ilkin şişlər, həm də metastazla mübarizə aparan ErSO adlı preparat hazırlayıb. Təcrübələr nəticəsində məlum olub ki, siçanlar hətta yüksək dozalarda belə preparatın təsirini yaxşı keçirir. Müalicə başladıqdan bir neçə gün sonra xərçəng hüceyrələri orta hesabla 99 faizdən çox azalır.

Bu üsullun unikallığı onun yan təsirinin olmamasıdır. ErSO preparatının aktivliyi əksər döş xərçəngində rast gəlinən estrogen reseptorundan asılıdır. Belə ki, preparat onunla birləşdikdə xəstə hüceyrələri sürətli böyüməyə hazırlayan və onları stressdən qoruyan a-UPR hüceyrə yolunu aktivləşdirir.

“Müalicədən sonra bir neçə xərçəng hüceyrəsi sağ qaldıqda və şişlər bir neçə ay ərzində böyüdükdə belə, törəmələr təkrarlanan ErSO müalicələrinə tamamilə həssas qalır”, - deyə tədqiqatın müəlliflərindən biri, biokimyaçı Devid Şapiro bildirib.

Hazırda alimlər preparatın insanlara təsirini və digər xərçəng növlərinə qarşı effektivliyini yoxlamağı planlaşdırırlar.

 

Mənbə: azertag.az