“Android” smartfonları üçün ən güclü prosessor təqdim edilib

“Qualcomm” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl smartfonlar üçün yeni prosessor təqdim edib. Bu barədə şirkətin saytında deyilir.

İnsider.az “ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni “Snapdragon 888 Plus” modeli “Snapdragon 888” çipinin təkmilləşdirilmiş versiyasıdır və “5G” şəbəkələrində işi dəstəkləyən premium sinifli telefonlar üçün nəzərdə tutulub. Prosessor səkkiz nüvədən ibarətdir: 2840 meqahers tezlikli bir güclü “Cortex-X1” nüvəsi, üç məhsuldar “Cortex-A78” nüvəsi və dörd enerjiyə qənaətcil “Cortex-A55” nüvəsi. Qurğu “Adreno 660” qrafik sürətləndiricisi və “Snapdragon X60 5G” modemi ilə təchiz edilib. Modem saniyədə 7,5 giqabitədək məlumat ötürmə sürətini dəstəkləyir.

Təqdim edilən çip neyron şəbəkələrlə iş üçün altıncı nəsil “Qualcomm AI Engine” texnologiyasına malikdir, “Wi-Fi 6E” və “Bluetooth 5.2” simsiz rabitə standartını dəstəkləyir. Bundan başqa, hazırda ən güclü “Qualcomm” prosessoru “4K” formatlı görüntünü 60 giqahers tezliyində, “QHD ” təsvir ölçüsündə isə 144 giqahers tezliyində göstərilməsini dəstəkləyir. Belə çipə malik smartfonlarda kameraların maksimal təsvir ölçüsü 200 meqapiksel təşkil edir.

Bundan əlavə, “Snapdragon 888 Plus” prosessoru “NFC” texnologiyasını, “USB 3.1” simli məlumat ötürmə interfeysini, “GPS”, “Beidou”, “Galileo” və “GLONASS” naviqasiya sistemlərini dəstəkləyir. Yeni prosessor əsasında ilk smartfonların ilin üçüncü rübündə buraxılacağı gözlənilir.

Insider.az

ƏVVƏLKİ XƏBƏR

İranda zəlzələ olub

SONRAKI XƏBƏR

“OLED” ekranlı “Xiaomi” noutbuku nümayiş olunub