“Bayraktar”lara çata bilməz

“Bayraktar”lara çata bilməz

Rusiya da Türkiyə silahlarına alternativ olaraq “Orion” adlı PUA istehsal edib

Məlum olduğu kimi “Bayraktar TB 2” pilotsuz uçan aparatlar qarşısında üç cəbhədə çıxılmaz vəziyyətdə olan Rusiya Türkiyə silahlarına alternativ olaraq “Orion” adlı PUA istehsal edib.

“Şərq” qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Qaradənizlə yanaşı, Ağdənizdə də silah-sursat cəmləşdirməklə məşğuldur. Rusların öz silah arsenallarına daxil etdikləri hərbi texnikalar arasında yeni istehsal olunan “Orion” adlı PUA-lar da var. Lakin “Orion”ların Rusiyanın Suriyadakı Hmeymin hərbi bazasına gətirilməsi NATO-nu ciddi narahat edib.

Rusiya son dövrlərdə PUA-ların istehsalı və inkişaf etdirilməsinə xeyli güc sərf edib. Moskva “Orion”larını beynəlxalq silah bazarında da uğurla tanıda bilib. Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq silah sərgisində Rusiya öz PUA məhsullarını təqdim edib. Həmin vaxt sərgiyə çıxarılan “Orion”ların əsasən ixrac üçün nəzərdə tutulduğu bildirilib. Bu aparat müxtəlif konfiqurasiyalı silahlarla təchiz oluna bilər. Həm kəşfiyyat, həm də zərbə məqsədilə istifadə oluna bilər.

“Orion” PUA-ların idarə olunan “Vixr” raketləri ilə təchiz olunacağı deyilir. “Vixr” raketləri Amerika istehsalı “Hellfire” raketləri ilə müqayisə olunur. Hazırda hərbi təyinatlı PUA-larla bağlı əsas üstünlük İsrail, ABŞ və Türkiyəyə məxsusdur.

 

Türkiyənin “Bayraktar”ları, İsrailin kamikadze “Harop”ları İkinci Qarabağ müharibəsi zamanı öz qüsursuz üstünlüklərini ortaya qoydular. Rusiya istehsalı “Orion”ların Suriya və başqa bölgələrdə sınaqdan keçirildiyi deyilir.

Mənbə: sherg.az