İslam antiterror koalisiyası və ABŞ hərbçiləri PUA əleyhinə sistemin təqdimatını keçiriblər

İslam antiterror koalisiyası və ABŞ hərbçiləri PUA əleyhinə sistemin təqdimatını keçiriblər

Baş qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən İslam Hərbi Antiterror Koalisiyası (IMCTC) ABŞ-ın Yaxın Şərq bölgəsindəki hərbi kontingentinin hədiyyə etdiyi və terrorçulara qarşı mübarizədə istifadə ediləcək pilotsuz uçan aparatları (PUA) əleyhinə sistemin təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, amerikalı general Aleksus Qrinkeviçin təqdim etdiyi PUA əleyhinə sistem koalisiyanın üzvü olan İslam ölkələrinin nümayəndələrinin iştirakı ilə nümayiş etdirilib. A.Qrinkeviç qeyd edib ki, hazırda bir çox ölkədə istehsal olunan və qiymətləri o qədər də baha olmayan dronlar dövlətlərin təhlükəsizliyinə ciddi əngəl yaradır. Belə ki, onların əksəriyyəti bomba yüklüdür və infrastruktur obyektlərinə, xüsusən neft-qaz obyektlərinə hücumlarda istifadə edilir. Terrorçu qruplaşmaların əlinə keçən PUA-lara qarşı mübarizə aktual problemdir və onlar bu təhlükəli aparatları bəzi istehsalçı dövlətlərdən gizli şəkildə əldə edirlər. Alçaqdan uçan bu aparatları çox vaxt radarlar müəyyən edə bilmir.

Amerikalı general diqqətə çatdırıb ki, təqdim olunan sistem xüsusi cihazlar vasitəsilə aparatları havaya buraxılmadan öncə aşkar edə bilir. Bu sistemin səmərəli çalışması üçün region ölkələrinin aidiyyəti strukturları arasında informasiya və hərbi ekspertiza sahəsində sıx əməkdaşlıq yaradılmalıdır. Bundan başqa, PUA istehsal edən dövlətlər də onların terrorçuların əlinə keçməməsinə xüsusi diqqət yetirməlidir.

Koalisiyanın baş katibi, general-mayor Məhəmməd bin Səid Əl-Moğedi jurnalistlərə bildirib ki, PUA əleyhinə sistemin təqdimatı ABŞ Müdafiə Nazirliyinin və IMCTC-nin həyata keçirdikləri çoxtərəfli antiterror əməkdaşlıq proqramı çərçivəsində təşkil olunub.

Oqtay Bayramov

Mənbə: azertag.az