“Fəxri” peyvəndinin kliniki sınaqdan keçirilməsinin üçüncü mərhələsi başlayıb

“Fəxri” peyvəndinin kliniki sınaqdan keçirilməsinin üçüncü mərhələsi başlayıb

İranda “Fəxri” peyvəndinin kliniki sınaqdan keçirilməsinin üçüncü mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Bəhram Enullahi məlumat verib. O bildirib ki, birinci mərhələdə sınaqda 135, ikinci mərhələdə 500, üçüncü mərhələdə isə 40 min könüllü iştirak edir. Birinci və ikinci mərhələlər uğurla başa çatıb ki, bu da üçüncü mərhələnin də uğurlu olacağından xəbər verir.

Bu peyvəndə “Fəxri” adının verilməsi maraqlı və kədərli hadisə ilə bağlıdır. Qeyd edək ki, hələ 2019-cu ildə İranın Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Tədqiqat və İnnovasiyalar Təşkilatı yeni virus ilə bağlı elmi araşdırmaya başlamışdı. Təşkilatın rəhbəri, İranda və dünyada nüvə tədqiqatları üzrə tanınmış alimi Möhsin Fəxrizadə bu virusa qarşı peyvənd hazırlanması üzərində işləyirdi. Lakin 2020-ci ilin noyabrında M. Fəxrizadəyə qarşı Tehran yaxınlığında terror aksiyası həyata keçirildi və alim qətlə yetirildi. Alimin qətlə yetirilməsi ilə əlaqədar yerli mətbuatda müxtəlif fikirlər irəli sürüldü. Qətli törədənlər tutulsa da onun sifarişçiləri tapılmadı. Bununla da araşdırma yarımçıq qaldı. Həmin təşkilatın alimləri tərəfindən hazırlanan peyvəndə tanınmış alim Möhsin Fəxrizadənin şərəfinə “Fəxri” adı verilib. Üçüncü klinik sınaqdan sonra təşkilat 20 milyon doza peyvənd hazırlamağı planlaşdırır.

Səhiyyə Nazirliyinin bu günə olan açıqlamasına görə isə son 24 saat ərzində İranda 22 min 329 nəfər virusa yoluxub, 408 nəfər isə bu xəstəlikdən həyatını dəyişib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 340 min 656 nəfərə, ölənlərin ümumi sayı isə 115 min 167-ə çatıb.

Müxtəlif şəhərlərin xəstəxanalarında müalicə alan 7 min 123 nəfərin vəziyyəti ağır olaraq qalır. COVID-19-a yoluxanlardan 4 milyon 627 min 27 nəfər müalicə alaraq sağalıb.

İranda peyvəndləmə prosesi davam edir.

Rabil Kətanov

Mənbə: azertag.az