İranın Səhiyyə Nazirliyi “Sputnik Layt” peyvəndinin tətbiq olunmasına icazə verib

İranın Səhiyyə Nazirliyi “Sputnik Layt” peyvəndinin tətbiq olunmasına icazə verib

İranın Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik Layt” peyvəndinin tətbiq olunmasına icazə verib.

AZƏRTAC nazirliyin məlumatına əsaslanaraq xəbər verir ki, bu peyvənd 93,3 faiz səmərəlidir və hazırda peyvəndin digər dərman preparatları ilə birlikdə tətbiq olunması öyrənilir. “Sputnik Layt” hazırda Argentina, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə tətbiq olunur. İran ilə Rusiya arasındakı razılaşmaya əsasən bu peyvənd İranda da istehsal olunacaq.

İranda əhalinin peyvəndlənməsi prosesi davam edir. Bu günə kimi ölkədə 27 milyon 790 min 835 nəfərə birinci, 13 milyon 459 min 625 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Ümumilikdə İranda 41 milyon nəfər peyvənd olunub.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində ölkədə yoluxma və ölüm hallarında azalma müşahidə edilib. Sutka ərzində 17 min 605 nəfər koronavirusa yoluxub, 364 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 5 milyon 396 min 13 nəfər, yoluxaraq ölənlərin sayı isə 116 min 436-a çatıb. Xəstəxanalarda vəziyyəti ağır olan xəstələrin də sayında azalma var. Belə ki, hazırda ölkə xəstəxanalarında müalicə alanların 6 min 902 nəfərinin vəziyyəti ağırdır. Əvvəllər bu rəqəm 7-8 min arasında dəyişirdi.

Müalicə alan 4 milyon 708 min 195 nəfər isə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

Mənbə: azertag.az