Yaponiya, ABŞ, Hindistan və Avstraliya kosmosda və kiberməkanda əməkdaşlıq edəcəklər

Yaponiya, ABŞ, Hindistan və Avstraliya kosmosda və kiberməkanda əməkdaşlıq edəcəklər

Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) iştirakçısı olan ölkələrin – Yaponiya, ABŞ, Hindistan və Avstraliyanın liderləri sentyabrın 25-də Vaşinqtonda keçiriləcək sammitdə kosmosda və kiberməkanda əməkdaşlıq barədə razılığa gələcəklər.

AZƏRTAC “Yomiuri shimbun” qəzetinə istinadla xəbər verir ki, bu barədə liderlərin qəbul edəcəyi birgə bəyanatın layihəsində bildirilir.

Sənəddə tərəflərin xüsusən iqlim dəyişmələri ilə əlaqədar Hind-Sakit okean regionunda təbii fəlakətlərin proqnozlaşdırılması üçün süni peyk məlumatlarının mübadiləsinin təşkilini planlaşdırdıqları qeyd edilir. Razılaşmanın kəşfiyyat xarakterli süni peyklərdən alınan məlumatları əhatə etməyəcəyi vurğulanır. Bundan əlavə, tərəflərin Aydan və kosmik məkandan istifadənin beynəlxalq tədqiqi üzrə qaydaları hazırlamaq niyyətində olduqları bildirilir.

Layihədə QUAD ölkələrinin şübhəli gəmilərin hərəkəti barədə informasiyaların qarşılıqlı mübadiləsini gücləndirmək istədikləri də qeyd edilib. Həmçinin tərəflərin kiberhücumlara qarşı əməkdaşlıq, 5G texnologiyaları da daxil olmaqla rəqəmsal infrastrukturun inkişafına nail olmaq kimi niyyətləri də əksini tapıb.

Xatırladaq ki, Dördtərəfli Təhlükəsizlik Dialoquna 2007-ci ildə start verilib. Vaşinqton, Tokio, Dehli və Kanberranı birləşdirən bu mexanizm Asiya-Sakit okean regionunda qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Həmin ölkələrin xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. Cari ildə isə bu ölkələrin liderlərinin ilk virtual sammiti təşkil edilib.

Vüqar Ağayev

Mənbə: azertag.az