İlham Əliyevin bəhs etdiyi “Nagor” kamikadze-dronları 23 KİLOQRAMLIQ DÖYÜŞ BAŞLIĞI, 1000 KİLOMETRƏ QƏDƏR MƏNZİL...

İlham Əliyevin bəhs etdiyi “Nagor” kamikadze-dronları 23 KİLOQRAMLIQ DÖYÜŞ BAŞLIĞI, 1000 KİLOMETRƏ QƏDƏR MƏNZİL...

Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Azərbaycan ordusunun ötən il 44 günlük müharibə zamanı pilotsuz uçan aparatların müxtəlif tiplərindən necə məharətlə istifadə etdiyi haqda mühüm məqamları açıqlayıb. Bildirib ki, İsrail və Türkiyə istehsalı olan PUA-ların qarşılıqlı əlaqə şəklində tətbiq edilməsi, eləcə də onların döyüş aviasiyası və artilleriya ilə əlaqələndirilməsi kifayət qədər mürəkkəb məsələ idi, böyük peşəkarlıq tələb edirdi.

Prezident müsahibədə İsrailin istehsal etdiyi “Nagor” kamikadze-dronlarından da bəhs edib. Bildirib ki, həmin kamikadze-dronlar ilk dəfə 2016-cı ilin aprel döyüşlərində tətbiq edilmişdi. Ötən ilki müharibədə isə daha geniş miqyasda tətbiq edilib, dağıdıcı gücü böyük olduğu üçün strateji və iri hədəflərin vurulmasında istifadə olunub.

virtualaz.org qeyd edir ki, Azərbaycan ordusunun arsenalında indiyədək “Harop” kamikadze-dronlarının olduğu məlum idi. “Nagor” dronlarından isə ilk dəfə bəhs edilir.

Bu dronlar “İsrael Aerospace Industries” şirkəti tərəfindən işlənib hazırlanıb, “Harpy” dronları ailəsinə daxildir. Şirkət “Harpy” dronlarını hələ ötən əsrin 80-ci illərinin ortalarında işləyib hazırlayıb. Bu silah sistemi rəqibin hava hücumundan müdafiə sistemlərinin dəf edilməsi üçün nəzərdə tutulmuşdu və döyüş aviasiyasından istifadəni, nəticədə riskləri azaltmağa imkan verirdi. Aparatın uzunluğu 2.7 metr, qanadlarının eni 2.1 metrdir. Rotor-vintli mühərriklə təchiz olunub və 32 kiloqramlıq döyüş başlığına malikdir, konteynerdən buraxılan aparat maksimal 185 km/saat sürətlə uçur, maksimal uçuş məsafəsi 400-500 kilometrdir. Aparat 2 saata qədər havada dövrə vura və hədəfi seçə bilir.

2000-ci illərin sonlarında isə şirkət “Harpy” layihəsi üzərində iş təcrübəsinə əsaslanaraq “Nagor” kamikadze-dronlarını işləyib hazırlayıb. Bu aparatlar daha təkmilləşdirilmiş elektronikaya və radioelektron mübarizə sistemlərinə qarşı davamlılığa malikdir.

Aparatın qanadlarının eni 3 metrə qədər artırılıb, uzunluğu isə 2.5 metr olub. Döyüş başlığının kütləsi azaldılaraq 23 kiloqrama endirilib, uçuş məsafəsi isə 1000 kilometrə qədər artırılıb.

“Harpy” ailəsinin ən yeni nümayəndəsi “Harpy NG” dronlarıdır və onlar “Harop” dronlarının korpusu əsasında hazırlanıb, yəni zahirən “Harop”la eynidir. Lakin aparat hədəfə avtonom yönləndirmə sistemi ilə təchiz olunub, əvvəlki modellərdən daha mükəmməldir.

Beləliklə, Azərbaycanın arsenalında İsrail istehsalı olan zərbə dronlarının geniş çeşidi var-"Harop", "Nagor", "Sky Striker" və "Orbiter".

Mənbə: virtualaz.org