Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq necə gedir?

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq necə gedir?

2023-cü ildə Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu 50 ildən sonra müstəqil ölkəmizdə keçirləcək ilk belə tədbirdir. Qeyd edək ki, ilk dəfə 1973-cü ildə Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.

Konqresə hazırlıqla bağlı "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) "Report"a bildirilib ki, bu istiqamətdə işlər qrafik üzrə davam etdirlir:

"2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakı bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.

Dünyanın kosmik sahəsindəki aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr yarım əsr fasilədən sonra yenidən Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində bir araya gələcəklər.

Konqresin paytaxtımızda keçirilməsi kosmik sahədən olan xarici agentlik, şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək".

Azərbaycan kosmik sahədə fəaliyyət göstərən, kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi” (NASA), Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), Hindistanın “Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), Yaponiyanın “Aerokosmonavtika üzrə Tədqiqat Agentlyi” (JAXA) və sair qurumların 5 100-dən çox nümayəndəsini və bu sektorun parlaq simalarını bir araya toplayan qlobal konqresə ilk dəfə ev sahibliyi edəcək, açıqlamada deyilir.

"2023-cü ildə Bakıda keçiriləcək konqreslə bağlı ötən ay ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş çərçivəsində “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında 2023-cü ildə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib", - Nazirlikdən bildirilib.

Mənbə: report.az