Koronavirus: “kovid barmaqları” nə deməkdir və niyə yaranır?

Koronavirus: “kovid barmaqları” nə deməkdir və niyə yaranır?

Paris Universitetinin ekspertləri koronavirus xəstələrinin ayaq və bəzən də əl barmaqlarında donma izlərini xatırladan yaraların səbəbini tapdıqlarını düşünürlər.

Onların "British Journal of Dermatology" jurnalında dərc edilmiş araşdırmasında qeyd olunur ki, "kovid barmaqları" orqanizmin virusa qarşı mübarizəsinin yan təsirinin nəticəsidir.

Alimlər immun sisteminin belə simptomları yaradan hissəsini də aşkar ediblər.

"Kovid barmaqları" nə deməkdir?

Sözügedən əlamətlər bütün yaş qruplarında meydana gələ bilir, ancaq daha çox uşaqlarda və yeniyetmələrdə müşahidə edilir. Bu, bəzilərində ağrısız olsa da, şiddətli ağrı, gicişmə, yara və şişdən şikayətlənənlər də var.

Məsələn, 13 yaşlı şotlandiyalı Sofiya yeriməyə və ayaqqabı geyinməyə çətinlik çəkib. O, BBC-yə müsahibəsində deyib ki, ötən yay çox vaxt əlil arabasında gəzməli olub.

"Kovid barmaqları" simptomunda ayaq və bəzən də əl barmaqları ya qırmızımtıl, ya da bənövşəyi rəng alır. Bəzi hallarda dəri qalınlaşır, ağrı, nahamarlıq və irin əmələ gəlir, belə vəziyyət həftələrlə, hətta aylarla davam edə bilir.

"Kovid barmaqları" olan şəxslərdə xəstəliyin digər əlamətləri - daimi öskürək, yüksək temperatur, iy və dad bilmənin qismən və ya itməsi müşahidə edilmir.

Bu simptomları yaradan nədir?

Fransalı alimlər 2020-ci ilin yazında "kovid barmaqları" olan 50 pasiyentin və oxşar əlamətlərin pandemiyadan xeyli əvvəl müşahidə edildiyi 13 şəxsin vəziyyətini araşdırıblar.

Qan və dəri analizinə əsaslanan araşdırmanın nəticələri göstərib ki, bu simptomları immun sisteminin virusla mübarizəni təmin edən iki element yaratmış ola bilər.

Onlardan biri antivirus proteini olan birinci növ interferon, ikincisi isə yalnız virusa qarşı deyil, səhvən bədənin öz hüceyrələrinə də hücum edən anticismlərdir.

Zədələnmiş sahələri qanla təmin edən kapilyarlardakı hüceyrələr də "kovid barmaqları"nın yaranmasında müəyyən rol oynayırlar.

Britaniyalı ortoped Ivan Bristow-nun sözlərinə görə, qan dövranında problem olan şəxslərdə və ya çox soyuq havalarda yaranan yaralar bir müddət sonra itib gedir. Amma bəzi pasiyentlərə maz və digər dərman preparatlarından ibarət xüsusi müalicə kursu lazım gəlir.

Doktor Bristow deyir ki, "kovid barmaqları"nı yaradan səbəbi aşkar etmək yeni müalicə üsullarını tapmağa və xəstəliklə daha effektli şəkildə mübarizə aparmağa kömək edər.

Britaniya Dermatoloqlar Assosiasiyasının üzvü Veronique Bataille qeyd edir ki, pandemiyanın ilkin mərhələsində "kovid barmaqları"na çox tez-tez rast gəlinib, koronavirusun "Delta" ştamı yaranandan sonra isə bu hallar azalıb.

Bu, bir çoxlarının artıq peyvənd vurdurması və ya virusa yoluxanların immunitet qazanmasından irəli gələ bilər.

"Peyvəndlənmədən sonra "kovid barmaqları"na çox az rast gəlinir" - doktor Bataille belə deyir.

Onun sözlərinə görə, koronavirus infeksiyasının yaratdığı problemlər xəstəliyin kəskin formasını keçirmiş və hətta "Covid-19"-un başqa heç bir əlaməti olmamış şəxslərdə də üzə çıxa bilir, ona görə də "kovid barmaqları"nın virusla əlaqəsi heç də həmişə aydın görünmür.

BBC Azərbaycan

Mənbə: yenisabah.az