Tədqiqat: Tibbi maskadan istifadə koronavirusa yoluxmanı 53 faiz azaldır

Tədqiqat: Tibbi maskadan istifadə koronavirusa yoluxmanı 53 faiz azaldır

Qoruyucu tibbi maskadan istifadə COVID-19 infeksiyasına yoluxma hallarını nəzərəçarpacaq dərəcədə azaldır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat beynəlxalq tədqiqatın nəticələrində öz əksini tapıb.

Böyük Britaniya da daxil olmaqla, bir sıra ölkələrin alimləri belə qənaətə gəliblər ki, tibbi maska koronavirusun yayılması ilə mübarizədə ən təsirli vasitədir. Bununla yanaşı, məsafə saxlamaq və əlləri yumaq da infeksiyanın yayılmasının qarşısını xeyli alır.

Dünyanın müxtəlif bölgələrində aparılan 30-dan çox müstəqil tədqiqat nəticəsində məlum olub ki, qoruyucu maska taxmaq yoluxmanın qarşısını 53 faiz, əlləri yumaq 50 faiz, məsafə saxlamaq isə 25 faiz alır. Alimlərin sözlərinə görə, əhalinin vaksinasiyası ilə yanaşı, belə qoruyucu tədbirlərin də davam etdirilməsi vacibdir.

Eyni zamanda, Avstraliyanın Viktoriya şəhərində yerləşən "Monash" Universiteti və Edinburq Universitetinin alimləri sərhədlərin, məktəblərin və ofislərin bağlanması da daxil olmaqla, bu cür məhdudiyyətlərin əhaliyə potensial mənfi təsirini qiymətləndirmək üçün ayrıca tədqiqata ehtiyac olduğunu vurğulayırlar. Hazırda dünyanın bir çox ölkəsində ictimai və qapalı məkanlarda maska taxmaq məcburidir.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa yoluxanların sayı 255 milyon 848 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 141 min 709 nəfərə çatıb, 231 milyon 241 min nəfər isə sağalıb.

Mənbə: news.milli.az