AMEA: "Leonard kometi getdikcə Yerə yaxınlaşır"

AMEA: "Leonard kometi getdikcə Yerə yaxınlaşır"

Bu il yanvarın 3-də Arizonada Maunt Lemmon Rəsədxanasında Qreqori Leonardin kəşf etdiyi C/2021 A1 (Leonard) kometi sürətlə Yerə yaxınlaşmağa davam edir.

Bu barədə "Report"a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, komet saatda 70 km sürətlə hərəkət edir. Bu səbəbdən onun fəzadakı vəziyyəti Yerdəki müşahidəçi üçün hər həftə dəyişir. Hazırda Şimal yarımkürəsində orta enliklərdə kiçik teleskoplarla Leonard kometini müşahidə etmək mümkündür. Dekabrın əvvəllərindən başlayaraq komet Naxırçı, İlan, Herkules və İlandaşıyan bürclərindən keçəcək. Həmin müddətdə onun parlaqlığı 4m ulduz ölçüsünə çatacaq və adi gözlə müşahidəsi mümkün olacaqdır. Dekabrın ikinci yarısında isə komet artıq Cənub yarımkürəsinə keçəcək və 25 dekabrda Mikroskop bürcündə müşahidə ediləcəkdir.

Leonard kometi 12 dekabrda Yerə ən yaxın nöqtədən (34 mln km) keçəcək və maksimum parlaqlıqda görünəcəkdir. Komet Günəşlə Yer arasında yerləşəcəyi üçün onun parlaqlığı 1m -ə kimi arta bilər. Bu isə o deməkdir ki, onu hətta adi gözlə belə aydın müşahidə etmək mümkün olacaqdır.

Komet parlaqlığının maksimumuna çatanda onun biri qaz, digəri isə tozdan ibarət iki quyruğu olacaqdır. Onun indi də artıq kifayət qədər uzun, ionlaşmış qazdan ibarət quyruğu var. Göründüyü periodun əksər hissəsində qaz və toz quyruqları eyni bucaq altında olduğundan Yerdən bir quyruq kimi görünəcəklər. Ancaq 10-13 dekabr aralığında quyruqların arasındakı görünən bucaq məsafəsi təxminən 30o-dək artacaqdır.

Qeyd edək ki, komet hiperbolik trayektoriya üzrə hərəkət edir. Bu isə o deməkdir ki, komet Günəş sistemini tərk edəcək və bir daha geri qayıtmayacaq.

Mənbə: report.az