ABŞ generalı: "Çin və Rusiya hər gün ABŞ peyklərinə hücum edir"

ABŞ generalı: "Çin və Rusiya hər gün ABŞ peyklərinə hücum edir"

ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar üzrə birinci müavini Devid Tompson bəyan edib ki, Rusiya və Çin Amerika peyklərinə lazer və radiotezlik müdaxilələr və kiberhücumlar edir.

Cebhe.info xəbər verir ki, Tompson bu barədə “The Washington Post” qəzetinə müsahibəsində danışıb.

General əvvəllər dəfələrlə ÇXR və ya Rusiya Federasiyasının ABŞ-ın hərbi peykinə böyük zərər vuracaq şəkildə hücumlar edib-etmədiyini söyləməkdən imtina edib. Tompson belə bir hücum baş versəydi, bu barədə məlumatların məxfiləşdiriləcəyini xatırladıb.

“Çinlilər əslində Rusiyadan xeyli irəlidədirlər. Onlar inanılmaz sürətlə əməliyyat sistemlərini yerləşdirirlər", -deyə Tompson bildirib və əlavə edib ki, həm ruslar, həm də çinlilər digər peyklərə hücum edə biləcək peyklər yaradırlar.

Tompson 2019-cu ildə Rusiyanın ABŞ-ın milli təhlükəsizlik peykinə çox yaxın kiçik bir peyk yerləşdirdiyini iddia edib.

Onun sözlərinə görə, Rusiya peyki daha sonra bir qədər geri çəkilib və iddialara görə silahı sınaqdan keçirərək kiçik hədəfi vurub, sonra isə ona mərmi atıb.

"Belə hərəkətlərlə rusların bizə siqnal göndərdiyi aydındır", - deyə Tompson qeyd edib.

O, həmçinin əlavə edib ki, Çin hazırda qlobal peyk naviqasiya sistemləri modelini hazırlayır: "Eyni zamanda Yerin istənilən hissəsini müşahidə etmək üçün bir neçə yüz Çin kəşfiyyatı, monitorinq və hədəf peykləri kosmosa buraxılıb", - deyə o vurğulayıb.

“Əlbəttə, potensial baxımından biz hələ də dünyanın ən yaxşısıyıq. Ancaq onlar da tez inkişaf edirlər. Əgər uyğunlaşmasaq, bu onilliyin sonuna qədər narahatlığa əsasımız olacaq”,- deyə Devid Tompson yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın kosmosa nəzarət etmək üçün 12 lazer-optik kompleksdən istifadə edəcəyi bildirilirdi.

Sevinc Tapdıqqızı
 

Mənbə: cebhe.info