Qualcomm şirkəti Apple M-ə rəqib hazırlayır

Qualcomm şirkəti Apple M-ə rəqib hazırlayır

Qualcomm şirkəti kompüterlər üçün nəzərdə tutulmuş prosessorlarını təkmilləşdirmək niyyətindədir. Belə ki, şirkət Windows vasitəsilə çalışan kompüterlərdə yüksək performansı təmin etmək üçün yeni nəsil Arm prosessorunun yaradılması planını elan edib. Qualcomm-un 2023-cü il üçün təqdim edilməsi planlaşdırılan kompüter prosessoru gözləntilərə əsasən Apple şirkətinin M seriyasına daxil olan prosessorları ilə rəqabət apara biləcək. Qualcomm-un texniki direktoru olan James Thompson yeni kompüter prosessorlarının yaradılması planını investorlar üçün nəzərdə tutulmuş tədbirdə elan edib. Yeni prosessor Nuvia adlı şirkətin komandası tərəfindən yaradılacaq.

Qeyd etmək lazımdır ki, Qualcomm sözügedən şirkəti bu il 1.4 milyard dollara əldə edib. Nuvia 2019-cu ildə Apple şirkətinin 3 keçmiş əməkdaşı tərəfindən təsis edilmişdi. Həmin əməkdaşlar isə iPhone və iPad modellərində istifadə olunan Apple A seriyasının prosessorları üzərində çalışıblar. Qualcomm bildirib ki, yaradılacaq yeni kompüter prosessorları aşağı enerji sərfiyyatı vəziyyətində yüksək performansı təmin edəcəklər. Qeyd etmək lazımdır ki, Qualcomm əvvəllər də kompüter prosessorları sahəsinə daxil olmağa çalışırdı. Bu məqsədlə şirkət Snapdragon 7c və 8c prosessorlarını təqdim etmişdi. Lakin onların enerji effektivlikləri ilə performans göstəriciləri Apple şirkətinin M seriyasına daxil olan prosessorların göstəricilərindən qat-qat aşağıdır.

Mənbə: news.milli.az