Çinin şəhərlərində sürücüsüz avtobuslar istifadəyə verilib

Çinin şəhərlərində sürücüsüz avtobuslar istifadəyə verilib

Çinin texnologiya nəhəngi “Baidu” şirkəti tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom texnologiya ilə təchiz edilmiş 3 sərnişin avtobusu ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində sınaq fəaliyyətinə başlayıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Dayanacaqlarda özü dayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Şirkətin Çonqinq şəhərində yerləşən avtonom idarəetmə bölməsi üzrə təhlükəsizlik şöbəsinin rəhbəri Zanq Şanqui hazırda Çonqinq, Quançjou, Cançjou və digər şəhərlərdə avtonom avtobusların işlədiyini deyib.

“Conqinq kommersiya əməliyyatları həyata keçirən ilk şəhərlərdən biridir. Avtobuslardan istifadə etmək istəyənlər ödənişlərini smart kartlarından və ya “Baidu” tərəfindən hazırlanmış gediş kartlarlardan istifadə edərək ictimai nəqliyyat vasitələrinə minə bilərlər”, - şirkət rəsmisi qeyd edib.

Mənbə: report.az