Naxçıvan Muxtar Respublika Xəstəxanasının yeni veb saytı yaradılıb

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yeni veb saytı təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təqdimat mərasimində çıxış edən xəstəxananın baş həkimi Zəbur Bağırov yeni sayt barədə ətraflı məlumat verib. Bildirib ki, nmrxestexanasi.az domenində yaradılan sayt dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verir. Yeni veb saytı xəstəxananın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək.

Qeyd olunub ki, veb saytın yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinin xəstəxana xidmətlərindən istifadəsini daha əlçatan etməkdir. Veb saytın ən üstün xüsusiyyəti Azərbaycan səhiyyəsində ilk olaraq QR kodlarla həkimlərin profillərinın paylaşılmasıdır. Belə ki, həkimlər tərəfindən vətəndaşlara təqdim edilən vizit kartların üzərindəki QR kodları smartfonlar vasitəsilə oxutmaqla onun haqqında məlumatları, o cümlədən həkimin müayinə və müalicələrini, göstərdiyi xidmətləri, həmçinin müayinə və müalicə videolarını, uğur və təcrübə faizini, əlaqə məlumatları kimi önəmli məlumatları almaq mümkündür.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının veb saytının üstünlüklərini diqqətə çatdıran xəstəxananın təcili yardım həkimi Hüseyn Əsgərov bildirib ki, saytda “Həkimlər”, “Şöbələr”, “Onlayn qəbul” “Xəstəxana haqqında”, “Sual-cavab”, “Xəstəxana ilə əlaqə”, “Məqalələr”, “Aksiyalar”, “Tədbirlər”, “Foto-qalereya” və “Video-qalereya” bölmələri yer alır. Saytın “Həkimlər” bölməsində xəstəxananın bütün həkimlərinin əlaqə vasitələri, onların fəaliyyət istiqamətləri, apardığı müayinə və müalicə prosesləri haqqında məlumat almaq, apardıqları müayinələrin və müalicələrin video və fotolarını onlayn izləmək mümkündür. Şöbələr bölməsində isə xəstəxananın bütün şöbələri haqqında məlumat almaq mümkündür.

“Sayt vasitəsilə muxtar respublikada ilk dəfə olaraq onlayn qəbul sistemi qurulub. Artıq vətəndaşlar xəstəxananın saytına daxil olaraq vaxt itirmədən onlayn qaydada istədiyi həkimin qəbuluna yazıla biləcəklər. Həmçinin pasiyentlər həkimə onlayn qaydada sual, təklif və istəklərini çatdıracaqlar”, - deyən Hüseyn Əsgərov qeyd edib ki, saytda xəstəliklər, dərmanlar, xidmətlər barədə maarifləndirici məlumatlar da paylaşılır. Qan ehtiyacı hallarında və ya xəstəxanada aparılacaq aksiyalar barədə məlumatların paylaşılması əhalinin bu vacib informasiyaları daha asan və opertiv almalarına şərait yaradır. Smartfonlar vasitəsilə də istifadəsi mümkün olan saytın yaradılması muxtar respublika əhalisinin səhiyyə xidmətlərindən istifadəsini daha əlçatan edəcək.

Xəstəxananın veb saytında yer alan digər bölmələr vasitəsi ilə vətəndaşlar koronavirus infeksiyası və koronavirusdan qorunma yolları haqqında məlumat ala biləcəklər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Rus sülhməramlılarının çıxarılması davam edir

SONRAKI XƏBƏR

İranda yağan aramsız yağış Kirman vilayətində fəsadlar törədib