Şuşaya bileti bu cür ala bilərsiniz

Şuşaya bileti bu cür ala bilərsiniz

Yolumuzqarabaga.az portalı yaxın günlərdə istifadəyə veriləcək. Portaldan istifadə çox sadədir. Bütün vətəndaşlarımız istifadə edə bilər. Vətəndaş portala ASAN Login üzərindən daxil olacaq. Portala mobil nömrə, həmçinin ASAN İmza ilə qeydiyyatdan keçmək mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzinin şöbə müdiri Xəyalə Fətullayeva ARB-24-də yayımlanan “Nə baş verir” verilişində deyib.

O bildirib ki, vətəndaş ASAN Loginlə giriş etdikdən sonra gedəcəyi məntəqəni seçir, tarixi və neçə nəfər sərnişin gedəcəyini portala daxil edir. Sonra gediş saatını, avtobusu və əyləşəcəyi yeri seçir:

“Portalda avtobusla bağlı yerlər də göstəriləcək. Vətəndaş avtobusda solda və ya sağda əyləşəcəyi yerini də seçə biləcək. Vətəndaş portala həmçinin elektron poçt ünvanı, mobil nömrəsi və şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil etməlidir. Sonra ödəniş səhifəsinə daxil olunacaq. Bu səhifədə portala ASAN Ödəniş sistemi inteqrasiya olunub. Bu səbəbdən rahat və təhlükəsiz bilet alışını həyata keçirə biləcəklər. Axtarış sistemində yerlərin dolu olub-olmadığı da aydın şəkildə vətəndaşa göstəriləcək”.

X.Fətullayevanın sözlərinə görə, qeyd olunan mobil nömrə və elektron poçt ünvanına bilet haqqında məlumat göndərilir:

“Bilet e-mail ünvanına PDF formatda göndərilir. SMS üzərindən biletin məlumatları da vətəndaşa göndəriləcək. Biletin alışı zamanı vətəndaş portala FİN daxil etdiyi üçün avtomatik olaraq onun peyvənd pasportu, immunitet sertifikatı, həmçinin aktiv koronavirus xəstəsi olub-olmadığı barədə məlumat əldə olunacaq”.

Mənbə: axar.az