“SpaceX” kompaniyası “Starlink” internet-peyklərinin növbəti qrupunu fəzaya çıxarıb

“SpaceX” kompaniyası “Starlink” internet-peyklərinin növbəti qrupunu fəzaya çıxarıb

Yanvarın 19-da “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan 49 ədəd mini peyki uğurla fəzaya çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SpaceX” kompaniyası özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumata əsasən, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 05:02-də NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb. Peyklər startdan təxminən 15,5 dəqiqə sonra 340 kilometr hündürlüyə qədər olan elliptik keçid orbitində raketin ikinci pilləsindən ayrılıb. Kompaniyanın mühəndisləri tərəfindən yoxlandıqdan sonra onlar özlərinin ion mühərrikləri vasitəsilə 540 kilometr yüksəklikdəki müntəzəm orbitə qalxacaqlar.

Raketin artıq on dəfə istifadə olunan ilk pilləsi 9 dəqiqədən sonra Atlantik okeanda, kosmodromdan 654 kilometr məsafədə üzən platformaya enib. Daşıyıcı raketin pillələrinin təkrar istifadəsi sahibkar İlon Maskın kompaniyasına aparatların orbitə göndərilməsi xərclərini azaltmağa imkan verir.

Hazırda “SpaceX” orbital peyk qruplaşması hər birinin çəkisi 290 kiloqram olan 2040 kosmik aparatdan ibarətdir.

Qeyd edək ki, dünyanın ən böyük peyk operatoru olan “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.

 

Mənbə: azertag.az