"Yeni telekommunikasiya peykləri buraxılmazsa, 30 ölkə ilə bağlanan müqavilələrin taleyi necə olacaq?"

Azərkosmos yeni peyklər hazırlayacaqmı?

Yeni telekommunikasiya peykləri buraxılmasa 30 ölkə ilə bağlanan müqavilələrin taleyi necə olacaq ?

Azərkosmos nəhayət ki, televiziya kanallarının peyk üzərindən yayımını HD formata keçirib.

Gecikmiş olsa da, faydalıdır.

Yeri gəlmişkən, HD formata keçidlə bağlı bu gün efirdə yaranan problem onu göstərir ki, səlahiyyətli qurumlar, xüsusilə də MTRŞ, Teleradio Birliyi bu prosesə zamanında hazırlaşmayıblar.

Düşünürəm ki, bu sahədə ciddi risklər hələ qarşıdakı mərhələdədir. Hansı ki, hələlik nə Azərkosmos, nə RİNN, nə də efirin tənzimləyici qurumu olan MTRŞ bu haqda bir açıqlama verməyiblər.

Məsələ ondadır ki, Azərkosmos qarşıdakı illərdə yalnız yerin optik müşahidə peyklərinin hazırlanması üzərində çalışdıqlarını açıqlayıb. Buradan belə qənaətə gəlmək olar ki , telekommunikasiya peykləri artıq Azərkosmos üçün prioritet deyil.

Əslində dünyada da klassik tipli, yüz milyonlarla dəyəri olan, böyük ölçüdə peyklər dövrü arxada qalıb.

İndi göy üzü adi gözlə görünən kiçik ölçülü, qiyməti cəmi bir neçə milyon olan peyklərlə dolub. Hətta peyklərin çoxluğu ilə bağlı BMT-yə şikayətər yaranıb.

Belə olan halda Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan, müharibə zamanı AzerSky vasitəsilə əldə olunan informasiyalar hesabına xeyli əhəmiyyətli rol oynayan və bizə xeyli üstünlük yaradan Azərkosmos hansı addımları atacaq?

Hiss olunur ki, qurum axtarışdadır. Müxtəlif ölkələrlə və şirkətlərlə iş birlikləri də qurur.

Əgər telekommunikasiya peykləri buraxılmayacaqsa, onda Azerspace-1 və Azerspace-2 üzərindən yayımlanan yerli və xarici TV kanallar necə olacaq?

Bu peykdən xidmət alan digər qurumların taleyi necə olacaq?

Bildiyim qədər 30 ölkənin TV-lərinin Azərkosmos-la müqaviləsi var. Və bu ölkələrdən Azərbaycana xeyli valyuta daxil olur.

Əlbəttə, düşünürəm ki, yerin müşahidə peyklərinin əldə etdiyi informasiyalar daha əhəmiyyətli və kommersiya və təhlükəsizlik baxımından daha cəlbedicidir. Dünyanın tendensiyası da ona istiqamətlənib ki, daha çox bu tip peyklərin buraxılmasına üstünlük verilir.

Azərbaycanın 2013-cü ildə buraxılan birinci telekommunikasiya peyki Azerspace- 1-in artıq ömrünün yarıdan çoxu gedib. Amma bildiyim qədər ona yatırılan investisiya da hələlik tam olaraq geri qayıtmayıb.

AzerSky-ın isə cəmi 4 il ömrü qalıb.

Ümumiyyətlə, hazırda göydə olan 3 peykimizə 1 milyard manatadək investisiya yatırılıb.

Ümid edək ki, qarşıdakı illərdə bu peyklərdən xeyli mənfəət də əldə olunacaq.

Dayanıqlıq və biznes baxımından da xidmət üçün ən azı iki peykin olması zəruri şərtdir.

Odur ki , fikrimcə Azərkosmos-un gecikmədən bu haqda açıqlamalar verməsi, yeni telekommunikasiya peyklərinin hazırlanacağı, yoxsa digər ölkələrlə əmədaşlıq şəraitində bu məsələnin həll olunacağı ilə bağlı məlumatlar verməsi doğru olardı.

Fikrimcə, indiki zamanda bir neçə ölkə ilə əməkdaşlıq şəraitində, daha kiçik qabaritli və daha ucuz variantla telekommunikasiya peyklərinin hazırlanması və buraxılması üzərində düşünmək daha ağlabatan görsənir.

 

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Şabran sakini evində olan odlu silahı polisə təhvil verib

SONRAKI XƏBƏR

Ötən il 251 cütlük nikahın pozulmasından imtina edib