“Google Maps”də ictimai nəqliyyat marşrutları niyə görünmür? - AÇIQLAMA

“Google Maps”də ictimai nəqliyyat marşrutları niyə görünmür? - AÇIQLAMA<span class="qirmizi"></span>

Bakıda “Google Maps” xəritəsində ictimai nəqliyyat marşrutları görünmür. Yəni əvvəl insanlar mobil telefonlarda “Google Maps” xəritəsində müəyyən ünvanı işarələyərək, həmin yerə hansı marşrutla gedə biləcəklərini görə bilirdilər. Hazırda isə marşrut xətləri proqramda göstərilmir. Buna səbəb nədir?

Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, həqiqətən də sözügedən proqramda marşrutların göstərilməsi yığışdırılıb:

“Bəli doğrudur. Səbəbini “Google Maps”dən soruşun. “Google Maps”dən bizə belə bir müraciət daxil olmayıb. Hazırda “Google Maps”lə məlumatlarla bağlı danışıqlar gedir”.

Nəqliyyat məsələri üzrə ekspert Aslan Əsədov isə məsələyə münasibət bildirərkən qeyd etdi ki, bu şirkətlə bağlı əvvəllər də problem yaşanıb:

“”Google Maps” xarici şirkətdir. Bu şirkətlə bağlı bizim müəyyən problemlərimiz olub. Azərbaycanın ərazilərinin adlarının düzgün qeyd edilməməsi kimi hallar olub. Bizim işğaldan azad olunan torpaqlarımızın adları hazırda da düzgün qeyd olunmur. Köhnə erməni adları ilə verilir. Bizim küçə adlarında, istər Bakının, yaxud digər istiqamətlər olsun, yanlışlığa, təhrifliyə yol verilir. Bu “Google Maps” şirkətindəki erməni xislətli dairələrin işidir. Bakı Nəqliyyat Agentliyinin müəyyən infrastruktur səhvləri də, çatışmamazlıqları ola bilər. Mən bunu istisna etmirəm. Amma bu problemi də sırf Bakı Nəqliyyat Agentliyi ilə bağlamazdım. Bu, sadəcə bəhanə ola bilər”.

Zərif Ülviqızı

Mənbə: redaktor.az