“Yandex” İrəvanda ofis açdı - Azərbaycana hansı təhlükə var?

“Yandex” İrəvanda ofis açdı - Azərbaycana hansı təhlükə var?<span class="qirmizi"></span>

Azər Həsrət: “Bu ofisin Azərbaycanda olmaması, İrəvanda olması, əlbəttə, bir disbalans yarada, ermənilərə əlavə üstünük verə bilər”

Məlumatlara görə, Rusiyanın korporasiyalarından biri olan Yandex Ermənistanda şirkətin MDB ölkələrində fəaliyyətini koordinasiya etmək məqsədi daşıyan və 400-dən çox əməkdaşın çalışacağı yeni ofis açmaq qərarına gəlib.

“Yandex” informasiya texnologiyaları sənayesində transmilli şirkətdir, eyniadlı internet axtarış sisteminə, bir neçə ölkədə internet portalına və veb xidmətlərinə malikdir. Yandex axtarış sistemi emal edilən sorğuların sayına görə dünya axtarış sistemləri arasında dördüncü hesab olunur. Şirkətin prioritet istiqaməti axtarış sisteminin inkişafıdır, lakin illər keçdikcə Yandex bir çox aktivləri olan böyük bir korporasiyaya çevrilib. 2016-cı ildə Yandex, Yandex.Search, Yandex.Browser, Yandex.Taxi, Yandex.Disk, Yandex.Kinopoisk və s. daxil olmaqla 50-dən çox veb xidmətləri təqdim edib. Şirkətin Rusiyanın 21 şəhərində, o cüçlədən Minsk, Alma-Ata, Newburyport (ABŞ), Luzern, Berlin, Amsterdam, Şanxay və Təl-Əvivdə ofisləri var.

Qeyd olunduğu kimi, Yandex axtarış sisteminin Ermənistanda ofisi açılıb. Azərbaycanda da bu sistemdən istifadə olunur. Bu sistemin Ermənistanda ofisinin açılmasının Azərbaycana informasiya təhlükəsizliyi baxımından bir ziyanı, zərəri ola bilərmi?

“Yandex-in İrəvandakı ofisinin fəaliyyəti diqqətdə saxlanılmalıdır”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə hər hansı bir xarici, yaxud beynəlxalq qurumun İrəvanda ofisinin açılması, özəlliklə də informasiya sahəsində məşğul olan bir qurumun belə bir addım atması Azərbaycan tərəfindən maraqla və diqqətlə izlənilməlidir: “Düşünürəm ki, Azərbaycanın müvafiq orqanları bu məsələni diqqətlə izləməlidir. Ən azından, Yandex-in İrəvandakı ofisinin fəaliyyəti diqqətdə saxlanılmalıdır. Bu ofisin Azərbaycanda olmaması, İrəvanda olması əlbəttə, bir disbalans yarada, ermənilərə əlavə üstünük verə bilər. Hesab edirəm ki, müvafiq qurumlar bu məsələni mütəmadi olaraq izləməlidir. Ümumiyyətlə isə dünyada bənzər xidmətlərdən bütün dünyanın müraciət etdiyi xidmət googledir. Bu google varkən yandex-in olması, yaxud olmaması narahatlıq yaradırmı, yaratmırmı? O suala cavab vermək çətin deyil. Əlbəttə ki, narahatlıq yaradır. Yandex də, google qədər olmasa da, çox təsirlidir, əhatə dairəsi genişdir, müraciətlərin sayı çoxdur. Eyni zamanda həddən artıq çox informasiya yükü daşımaqdadır, ictimai rəyə çox ciddi təsir etməkdədir. Bu baxımdan, bizim məsələyə yanaşmamız vacibdir”.

A.Həsrət Yandex şirkətini onları belə tez-tələsik bura dəvət etməyin, onlar üçün ofis açmağın, onlara hansısa səlahiyyətlər, təzminatlar tanımağın tərəfdarı deyil, amma hesab edir ki, bütün hallarda bu məsələnin üzərində işləmək vacibdir.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com