Dünyanın ən varlı insanları düyməyə basdı: mühüm axtarış başladı

 

İqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən Qrenlandiyada buzlaqların sürətlə əriməsi yaşıl enerjiyə keçid üçün mühüm minerallar axtaran mədən şirkətləri üçün yeni bir qapı açıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Qrenlandiyanın Disko və Nuussuaq yarımadalarının təpələri və dərələrin səthinin altında yüz milyonlarla enerji mənbəyini təmin etmək üçün kifayət qədər vacib mineralların olduğu düşünülür.

"Kobold Metals" və "Bluejay Mining" adlı iki şirkət yaşıl enerji üçün vacib olan son dərəcə nadir və qiymətli mineralları tapmaq üçün əməkdaşlığa başlayıb.

Sözügedən şirkətlərin 30 geoloqu, geofiziki və onları müşayiət edən pilotlar, texniki işçilər artıq ərazidə düşərgə qurublar.

Ceff Bezos, Maykl Blumberq və Bill Qeyts kimi dünyanın ən varlı adamları da yaşıl enerji baxımından həyati əhəmiyyət kəsb edən mineralların axtarışları üçün səfərbər olub. Onlar qızıldan qiymətli "xəzinə" axtarışlarını maliyyələşdirirlər.

"Bölgədə dünyadakı birinci və ya ikinci ən əhəmiyyətli nikel-kobalt yatağı olduğunu düşünürük" - "Kobold Metals"in baş direktoru Kurt Haus CNN-ə açıqlamasında deyib.

Bölgədəki qruplar yerin altındakı elektromaqnit sahəsini ölçmək üçün torpaq nümunələri götürür, qaya təbəqələrinin xəritəsini çəkir, helikopter və dronların köməyi ilə dəqiqləşdirmələr aparırlar.

Komandalar tərəfindən əldə edilən məlumatlar süni intellektlə təhlil edildikdən sonra dəqiq olaraq haraların qazılacağı müəyyənləşəcək.

"Bluejay Mining" şirkətinin baş direktoru Bo Moller Stensqard Qrenlandiyada iqlim dəyişikliyinin nəticələrinin qorxulu olacağına diqqət çəkib:

"Bu nəticələr həyəcan verici olsa da, Qrenlandiyada kəşfiyyat işlərini asanlaşdırıb".

Stensqard həmçinin bildirib ki, iqlim dəyişikliyi dənizdə buzları əritdikcə ekipaj üzvləri əldə etdiklərini qlobal bazara daha asan göndərə biləcəklər.

Qeyd edək ki, dünyanın ikinci ən böyük buz təbəqəsi kimi tanınan Qrenlandiyada buzlaqın əriməsi son vaxtlar böyük narahatlıq doğurur.

NASA-nın alimi Natan Kurtz CNN-ə açıqlamasında buzlaqların 20-30 il ərzində tamamilə yox olacağının gözləndiyini bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Almaniyaya nota göndərdi

SONRAKI XƏBƏR

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"