Azərbaycandan Ukraynaya silah göndərilməsi haqda saxta iddialar – ARAŞDIRMA

Azərbaycandan Ukraynaya silah göndərilməsi haqda saxta iddialar – ARAŞDIRMA<span class="qirmizi"></span>

Azərbaycandan Ukraynaya aviabombaların, lazerli avia-zərbə raketlərinin göndərilməsi haqqında sensassiyalı məlumat yayılıb.

Publika.az "Faktyoxla.az"-a istinadən xəbər verir ki, İraqdan yayımlandığı deyilən “Sabereen News” teleqram kanalı 8 təyyarə reysi orderinin fotolarını və belə bir şərhlə paylaşıb:

“Eksklüziv. Azərbaycanın neytral qalacağını deməsinə baxmayarq, müharibədə Rusiya Federasiyası ordusuna qarşı Ukrayna hökuməti və NATO-ya dəstək verməkdə Azərbaycan hökumətinin rolunu göstərən sızmış faylı təqdim edirik. Bu yöndə “Sabereen News” unikaldır”. Həmin paylaşımdan 1 dəqiqə sonra isə növbəti paylaşım olub: “Bu məxfi sənədlərə görə, Azərbaycan hökuməti neytral olduğunu bildirməsinə baxmayaraq, Ukraynaya aviasiya bombaları verir. Çatdırılmalar Sudan və Polşa vasitəsilə həyata keçirilib. Əlimizin altında səkkiz sənəd var: daşıma sənədləri. “Meridian” Ukrayna Müdafiə Nazirliyinə bağlı şirkətidir, “Cihaz” isə Azərbaycanın Müdafiə Nazirliyinə məxsusdur. Sənədlərə əsasən, hansı növ bombalar olduğu bəlli olmasa da, böyük ehtimalla bu, Su-24 (?-red.) bombardmançıya aiddir. Biz “Sabereen” xəbərçisi olaraq Azərbaycan hökumətinə bir məsləhət vermək istəyirik: Ukrayna “gizli çatdırılmalar” üçün ən yaxşı tərəfdaş deyil, çünki yaxın gələcəkdə hər şey məlum olacaq”.

Bu paylaşımdan 10 saat sonra həmin məlumatları əks etdirən link “Sabereen News”-un tvitter səhifəsində paylaşılıb. Beləliklə, mediaya Azərbaycan əlehinə yazmaq üçün yeni mövzu və unikal platforma verilib. İlk olaraq Rusiyadan yayımlanan “wingsofwar” (Müharibənin qanadları) teleqram kanalı bu kampaniyanın öncülü olub. Həmin kanalın məlumatında deyilir: “Azərbaycan neytral statusda olmasına baxmayaraq Ukraynaya aviamərmilər göndərib. İraqın “Sabereen News” teleqram kanalının yaydığı sənədlərə görə Azərbaycan 2022-ci ilin aprel ayında ukraynalı hərbçilərə gizli şəkildə silah və sursat verib. Sənədlərə görə, bu əməliyyat Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cihaz Sənaye Assosiyasiyası ilə Ukraynanın “Ukrspecexport” Dövlət Konserninə arasında baş tutub. Sudanın paytaxtı Xartumdan Polşanın məşhur hərbi aerodromu Rjeşuv şəhərinə daşımanı Ukraynanın "Meridian" avia-yükdaşıma şirkəti MEM5002 reysi ilə 16, 18, 20, 22, 24, 26, 28 və 30 apreldə həyata keçirib”.

Məlumatda yüklərin “Precision Guided Air Bomb” və “Precision Guided Air Bomb INERT” təsnifatı ilə qeyd olunduğu bildirilir. Yekunda qeyd olunur: “Beləliklə, Azərbaycan münaqişə tərəflərina münasibətdə neytral qalacağını bildirməsinə baxmayaraq Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında birbaşa iştirak edib. İki vacib sual yaranır: Rusiya və Luqansk Demokratik Xalq Respublikasına qarşı belə mərmilərdən nə qədər istifadə olunub və Azərbaycana bu çirkli oyunda iştirak nəyə lazım idi? Müəmmalı gəlirlər üçünmü?”.

Bundan sonra bir çox erməni saytları İraqın “Sabereen News” teleqram kanalına istinad edərək məhz Rusiyanın “Крылья войны” (Müharibənin qanadları) teleqram kanalının yönləndirici məlumatını böyük sürət və coşqu ilə yayıblar. Həmin “araşdırmanı” “Azərbaycan neytral statusda olmağına baxmayaraq Ukraynaya aviamərmilər göndərib” başlığı ilə Rusiyanın erməniyönlü xəbər agentliyi "Regnum” , “EADaily", baş redaktoru erməni Sarkis Tsaturyan olan “İA Realist”, qeyri-ciddi, provakativ məlumatları və dezinformasiyaları ilə məşhur olan “Tsargrad”, Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”, “1Lurer.am”, Soros Fondunun sponsorluğu ilə fəaliyyət göstərən civic.am, Ermənistan xüsusi xidmət orqanlarının qeyri-leqal saytı olan “Voskanapat”, ingilisdilli xəbər saytı news.am və digər saytlar paylaşıblar.

Faktyoxla Lab. İraqın “Sabereen news” telegram kanalı vasitəsilə yayılan bu məlumatın, habelə yayılan sənədlərin həqiqiliyini yoxlamağa çalışıb.

Bu məqaləni rus dilində "Информация иракского телеграмм-канала об отправке оружия из Азербайджана в Украину оказалась фейком - Наше расследование" oxuya bilərsiniz

Qeyd olunan faktları nəzərdən keçirək.

1. Doğrudan da Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yüksəkdəqiqlikli QFAB-250 LG aviamərmilərini Türkiyə ilə birgə istehsal edir. (Mənbə). Burada gizli heç nə yoxdur, açıq mənbələrdə bunun haqqında məlumatlar yetərli qədərdi. Adminlərindən biri erməni olan “wingsofwar” (Mühribənin qanadları) paylaşdığı məlumatlar da qeyd etdiyimiz mənbələrdən götürülüb.

Qeyd edilən teleqram kanalı yaydığı sensassiyalı xəbərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Cihaz Sənaye Assosiyasiyası” haqqında məlumat verir. Daha doğrusu, Küveytin Azərbaycandakı səfirliyinin saytından bir linki məlumata daxil ediblər. Bəs, etibarlı mənbə kimi təqdim olunan bu linkdə nə var?

İnanılmazdır, amma faktdır. Həmin linkdə bunlar yazılıb: “Küveyt Dövlətinin Bakıdakı səfiri Cənab Səud Əbdüləziz Əlrumi, 1-ci katib və missiya rəhbərinin müavini cənab Faisal Almutairi və Səfirliyin 1-ci katibi və konsulu Bader Aladwani Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında “Cihaz” İstehsalat Birliyinin baş direktoru cənab Fəlah Quliyev ilə görüşüb”.

Vəssalam! Bəli, paylaşdıqları məlumata heç bir aidiyyatı olmayan linki mənbə olaraq göstəriblər. Azərbaycanda bir şirkətin sahibinin xarici ölkələrdən birinin səfiri ilə görüşməsində nə informasiya yükü var və bütün bunların Bakıdan Xartuma göndərilən (iddia etdikləri kimi) nə aidiyyatı var? Oxşar situasiyaya Ukraynanın “Ukrspecexport” Dövlət Konserni haqqında məlumatda da rast gəlirik. Belə ki, “Cihaz” İstehsalat Birliyi ilə Ukraynanın “Ukrspecexport” Dövlət Konserni arasında hərbi əməkdaşlıqla bağlı məlumat hissəsində sanki ciddi mənbə təqdim edirmişlər kimi bu qurumun vikipediya linkini əlavə ediblər.

2. “Sabereen News”-da, həmin informasiyadan yararlanan “Müharibənin qanadları” da silah daşınması əməliyyatlarının Ukraynanın “Meridian” avia-daşımaçılıq şirkəti tərəfindən həyata keçirildiyini qeyd edirlər. Hətta link də verilib. Doğrudan da “Meridian” Ukraynada daşımaçılıq, kargo xidmətləri göstərən yüzlərlə şirkətlərdən biridir. Şirkət haqqında çox geniş yazmağa lüzum yoxdur, qeyd olunan linkə daxil olub, əlavə məlumat almaq mümkündür. Biz hər iki teleqram kanalının yaydıqları sənədlərin fotosuna qayıdaq.

Qeyd eilən şirkətin uçuş kodu İraq teleqram kanalının yaydığı sənədlərdə qeyd olunduğu kimidir: MEM. Sənədlərdə MEM 5002 yazıldığını görürüksə, bu o deməkdir ki, həmin yükü “Meridian” şirkətinin “MEM5002” kodlu təyyarəsi daşıyıb. Qeyd edək ki, təyyarələrin növündən asılı olaraq MEM kodundan sonrakı rəqəmlər dəyişə bilir. Misal üçün, MEM 3058, MEM 3503 və s. Bu linkə daxil olub “Meridian” şirkətinin AN-12B təyyarələri ilə dünyanın müxtəlif şəhərlərinə həyata keçirdiyi daşımaların cədvəlini görmək olar.

Bu skrində təkcə aprel ayında həyata keçirilən daşıma marşrutları göstərilib. Diqqət yetirdiksə İraq teleqram kanalının sızdırdığı məlumatlarda qeyd olunan “MEM5002” koduna bir dəfə də rast gəlinmir. Düzdür, apreldə uçuşların çoxu Polşanın Rjeşuv (RZE) aerodormuna olub. Amma heç birinin başlanğıc nöqtəsi Xartum (Sudan) deyil. Başlanğıc nöqtə Bolqarıstanın Burgev (BOJ) və Sofiya(SOF) şəhərləridir. Belə çıxır ki, ya yayılan sənədlər saxtadır, ya da daşımaları “Meridian” şirkəti həyata keçirməyib. Qeyd edək ki, cədvəldə gördüyünüz “UR-CAJ” uçuşu həyata keçirən təyyarə növüdür.

Onu da qeyd edək ki, şirkətin saytında “Meridian” avia-daşımaçılıq şirkətinin məsul olduğu yükləri adətən, (uçuşların təxminən 90%-i) “Antonov” tipli (AN-12) təyyarələrlə həyata keçirirlər. Amma yayılan məlumatlarda Merdian şirkətinin qeyd edilən “təhlükəli yükləri” "Boing" tipli təyyarələrlə daşıdığı bildirilirdi.

İndi isə paylaşılan sənədlərin həqiqliyini dəqiqləşdirməyə çalışaq. Bu sənəd hava daşımaçılığında istifadə olunan ezamiyyə vərəqi nümunəsidir.

Bu düzəlişləri isə “Sabereen News”-un əldə etdiyi ezamiyyə vərəqlərindən biri üzərində aparmışıq ki, müqayisəni əyani göstərə bilək.

Aşağıdakı təlimatda hər qeyd olunan xanaya nələrin yazıla biləcəyi göstərilib. Beləliklə,

Xana 2. Yükü göndərən tərəfin hesab nömrəsi yazılır. Əgər hesab nömrəsi yoxdursa həmin xana boş saxlanılır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cihaz Sənaye Assoiyasiının hesab nömrəsinin burada yazılmaması şübhə yaradır.

Xana 4. Bu xanada da yükü qəbul edən tərəfin hesab nömrəsi yazılır, olmadığı halda boş saxlanılır. İndi təsəvvür edə bilərikmi Ukraynanın ən böyük silah alqı-satqısı üzrə dövlət konserninin hesab nömrəsi yoxdur? Şübhəlidir

Xana 5 Yükdaşıma şirkətini təqdim edən agentin adı və təmsil etdiyi şəhər. - doldurulmayıb

Xana 6. Bu xanada üçüncü tərəfin adı, kart nömrəsi qeyd olunmalıdır. Məcburi doldurulmalı xana deyil

Xana 12. Gömrük üçün elan olunan qiymət yazılır. -Yazılmaması şübhəlidir

Xana 14. Sığortanın dəyəri yazılmalıdır. Boş saxlanılıb-müəmmalıdır

Xana 15. İstifadə haqqında məlumat: Yükgöndərənin təsdiq nömrəsini, xüsusi rəftar təlimatlarını, sonrakı daşınma üçün xüsusi məlumatı, müvafiq hava daşıma sənədlərinə və ya göndərmə sənədlərinə keçidi və ya digər müvafiq təlimatları daxil edilir-Xana tam doldurulmayıb, yalnız ümumi “təhlükəli əşya” yarlığı vurulub.

Xana 21.Tarif/rüsum: Bu, göndərmə üçün tətbiq edilən tarif və ya rüsumdur- “razılaşdırılıb” yazılıb- müəmmalıdır

Xana 22. Cəmi: Hər bir girişin ümumi dəyəri eyni üfüqi xəttdə göstərilə bilər. Birdən çox giriş varsa, məbləğ daxil edilə bilər. Burada da “razılaşdırılıb” yazılıb- müəmmalıdır

İndi diqqət. Adətən bu sənədlərin üst tərəfində əvvəl üç rəqəmli, daha sonra səkkiz rəqəmli kod olur. İlk 3 rəqəm yükdaşıyanın kodu, digər səkkiz rəqəm isə malın ticarət siyahısında kodu qeyd olunur. Məsələn, bu formada.

İndi bizə təqdim olunan sənədə diqqət edək:

Yükdaşıma şirkətləri arasında kodu 000 olan şirkət yoxdur.

Bundan başqa yükgöndərən və yükü qəbul edən şirkətlərin adlarının xüsusi “bold” şriftlərlə yazılmasına da diqqət etmək lazımdır. Eyni zamanda yükü daşıyan şirkət haqqında məlumat xanasında yazılan tamam fərqli şrift və stil də diqqətdən yayınmır.

Bu sənədlərdə EXİF datası dəyişdirilib və ya tam silinib deyə fotoların orijinal olması haqqında tam dəqiq məlumat vermək olmur. Əvəzində sənədin xüsusi montaj və redaktə proqramları ilə dəyişdirildiyini müəyyən etmək mümkündür.

 

Fotolar pdf formatında yayıldığı üçün (əslində niyə belə edildiyi məlumdur-red.) öncə bu formatı JPG-ə dəyişmək ondan sonra araşdırma aparmaq lazım gəlir. Belə olan halda, yəni fotolar orijinal olmadığı, formatı dəyişildiyi üçün sənəd üzərində aparılan montaj işlərinin konturlarını tam göstərə bilməsək də, bir çox detallarda saxtakarlığa yol verildiyini nümayiş etdirə bilərik. Misal üçün, imzalara diqqət edək. 8 ayrı-ayrı tarixlərdə verilmiş sənədlərdir və hər bir sənəddə çəkilmiş imzaların forması və yerinə diqqət edin. Hamısı eyni formada və hamısı eyni yerdə (imzanın ilk hərfinin yerləşməsinə baxın) çəkilib. Foto-montaj proqramı ilə o qədər səliqəsiz formada montaj edilib ki, adi yoxlama proqramlar ilə belə bunu aydın sezmək mümkündür.

Bu fotoda isə rəngli hissələr diqqəti cəlb edir. Foto-analiz proqramlarında belə hal yalnız sənəd üzərində sonradan redaktə və montaj işlənildiyində rast gəlinir və görünən rəngli hissələr “sənədə sonradan əlavə olunub” anlamındadır.

Burada isə qırmızı ilə işarələnən konturlara diqqət edək. Möhür və imza olan hissənin bu sənədə sonradan əlavə edildiyi açıq-aşkar görünür. Heç şübhəsizdir ki, sənəd foto-montaj proqramları ilə dəyişdirilib.

4. İndi isə Xartum-Rjeşov şəhərləri arasında aprel ayında həyata keçirilmiş reyslərə və marşurutlara baxaq. Arxivi olan məşhur təyyarə marşurutu izləmə saytları vasitəsilə qeyd edilən tarixləri, uçuşun və təyyarənin kodunu daxil edib, axtarışa verməklə müəyyən nəticə əldə etmək mümkündür. Flightradar24 saytının premium üzvləri üçün ötən 3 ay ərzində bütün reysləri aramaq olur. Biz, qeyd edilən göstəriciləri müvafiq xanalara daxil etdikdə sənəddə qeyd edilən marşrut üzrə bir məlumat belə tapmadıq. Yəni, sənəddə göstərilən vaxtlarda, göstərilən reys və təyyarə, yük kodları ilə Xartumdan Rjeşov şəhərinə istiqamət alan bir təyyarə belə qeydə alınmayıb.

Bəs, bu məlumatlar haradan götürülüb və nədə yanlışlığa yol verilib?

Bu istiqamətdə araşdırma apardığımızda rastımıza tvitterdə təyyarə mütəxəssisi, foto araşdırmaçısı kimi məşhuraşan “Gerjon”un paylaşdığı məlumat çıxdı.

Tvitdə yazılır: 2022-ci ilin martında “Ukrayna hava yollarının” iki təyyarəsi (UR-PSI, UR-PSL) yenidən sıraya qayıdır. O vaxtdan sonra UR-PSI Xartum- Rjeşuv şəhərləri arasında 15 reys həyata keçirir. Həmin təyyarə hərbi perronda görünəndən sonra bütün izləmə saytlarının radarlarından yoxa çıxıb. 19-20 apreldə UR-PSI əksər izləmə saytlarında RadarBox24, flightaware və hətta flightradar24 bloklanıb. Bunun əvəzində UR-PSL təyyarəsi hamı tərəfindən izlənə bilir. Əslində UR-PSL-ın Moldovanın paytaxtı Kişinyovda qərarlaşıb və tam fərqli istimqamətlərdə uçur. Nə Xartuma, nə Rjeşuva".

Diqqət yetirdiksə, aprel ayı ərzində Xartumdan Polşanın Rjeşuv şəhərinə doğrudan da uçuşlar olmuş, lakin bu uçuşlar “Merdian” şirkəti tərəfindən həyata keçirilməmişdir. Bu haqda söhbətimizin əvvəlində də məlumat verdik. Beləliklə, “Sabereen News” -un yaydığı məlumatda “Meridian” avia-yükdaşıma şirkətinin iştirakı iddiası saxtadır.

Amma bir məqamı qeyd edək ki, müəllif “Gerjon”-un başqa bir tvitində Azərbaycandan Ukraynaya silah göndərilməsi faktı iddia edilib. İddia nə iddia? O bildirib ki, aprel ayında Azərbaycandan Uklraynaya silah daşınması haqqında məlumat yayıb. Və bu 9 reysi "Green Flag Aviation" həyata keçirib. Sxemdən də görünür ki, bu şirkətin təyyarələri 12 dəfə Bakıya, 13 dəfə İstanbula uçuş edib. Müəllif bu mənbəyə istinad edərək deyir ki, Azərbaycanda istehsal olunmuş silahlar Bakı-Xartum- Rjeşuv-Ukrayna xətti ilə mənzil başına çatdırıla bilər. Bəli, təyyarələr, uçuşlar, aeroportlar üzrə mütəxəssis məzmununda heç bir tutarlı fakt olmayan mənbəyə istinad edərək iddia edir ki, bu marşrutla Azərbaycandan silah aparıla bilər. Nə fakt var, nə arqument, yalnız fərziyyə. Davamında fikrini belə izah edir: “24 fevral-30 iyul aralığında GNF301 kodu ilə Bakıya uçan 12, GNF980 kodu ilə İstanbula uçan 13 reys qeydə almışam. Ötən il isə bu rəqəmlər müvafiq olaraq 8-8 idi. Artım göz önündədir.” Yenə də heç bir fakt yoxdur. Yalnız reys sayı artdığına görə silah daşınması şübhəsi yaradır? Təxminən belə bir anologiya: Yağışlar tez-tez yağdığına görə inəklər kökəlir.

Növbəti arqument isə çox gülməlidir: "Green Flag Aviation" özü özlüyündə maraqlıdır. "Bu saytının araşdırmasına görə GNF Sudanın Baş Kəşfiyyat idarəsi tərəfindən idarə olunur. Əvvəl biz GNF şirkətinin İl-76 (ST-EWX) 2020-ci ildə Liviyaya uçduğunu müşahidə etmişdik. Bu avia-şirkətə xüsusi diqqət yetirmək lazım gəlir.”

Bütün bu deyilənlərlə, gətirilən arqumentlərdən anlaşılmayan Azərbaycanın bu məsələdə hansı səbəbə ittiham edilməsidir. Və əgər çəkilən reyslərin marşrutları doğrudursa, hər hansı birində Azərbaycandan Xartuma, ya Ukraynaya birbaşa göndərilən yükün mövcudluğu barədə bir fakt göstərilirmi? Reyslərin trayektoriyasından görünür ki, Azərbaycandan qalxan təyyarələr Türkiyədəki “İncirlik” bazasına eniş edib. Azərbaycanla Türkiyə isə hərbi-strateji müttəfiqlərdir. Qeyd edilən raketlər isə birgə istehsal olunur. Birgə əməkdaşlığın məhsulu olan silahlar Türkiyəyə göndərilirsə, burada qanunsuz nə var? Yox, oradan başqa dövlətlər alıb öz arsenalına qatırsa, bu başqa mövzudur. Amma yenə də Azərbaycanın bu əməliyyatda nə günahı və ya rolu var?” - sualını səsləndirməli oluruq.

Yekunda bu məlumatı dövriyyəyə buraxan “Sabereen News” haqqında.

“Səbirli” mənasını verən bu ad Quranın "Ənfal" surəsinin 65- ci ayəsindən götürülmüşdür: “Əgər aranızda 20 səbrli və dözümlü kişi olsa, kafirlərin 200-nə qalib gələr”. Silahlı “muqavama” adlandırılan müqavimət qruplarının yerli və xarici əleyhdarlarını zəiflətməyə yönəlmiş hərbi, kinetik paramilitar və sosial əməliyyatların qeyri-zorakı dəstəkçisi olan Sabereen News 11 yanvar 2020-ci ildə Telegram sosial media tətbiqində kiçik bir kanal olaraq ortaya çıxıb. Kanal ilk vaxtlarda, əsasən, İraqda fəaliyyət göstərən İrana bağlı proksi qüvvələr, onların ABŞ-ın yardım karvanları və qüvvələrinə hücumları, eləcə də ABŞ-ın bu ölkədə hərbi fəaliyyətlərinə dair xəbərlər yayıb. 2020-ci ilin sonundan isə o, ən nüfuzlu muqavimət sosial media kanalına çevrilib. Muqavimət teleqram kanallarının əksəriyyətinin 10,000-20,000 abunəçisi olduğu halda, “Sabereen” 180,000-dən çox abunəçiyə malikdir. Azərbaycanla bağlı qeyd edilən məlumat yayılandan sonra izləyici sasyı 241 minə çatıb.

2022- ci ilin fevral ayının sonlarında Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlamasından sonra kanal müharibə haqqında geniş anti- Ukrayna və anti- Qərb motivli materiallar tirajlamağa başlayıb. Rusiyanın propaqandasını və beynəlxalq səviyyədə dezinformasiya siyasətini həyata keçirən alət qismində çıxış etməyə başlayan kanalın müharibə barədə yaydığı məlumatlarla əlaqədar Vaşinqtonun “Yaxın Şərq İnstitutu” martın 24-də araşdırma məqaləsi yayımlayıb.

Araşdırmada “Sabereen”in hələ Rusiya müharibəyə hazırlaşan dövrdən rəsmi Moskvanı dəstəkləyən, eləcə də Qərb və Ukrayna əleyhinə propaqanda və dezinformasiyalar ehtiva edən xəbər siyasəti seçdiyi vurğulanıb. Bildirilir ki, martın 22-də “Sabereen”in müxbiri Rusiyanın işğalı altında olan Ukraynanın Krım yarımadasından Rusiyanın mənafeyinə uyğun fikirlərin səsləndirilməsi ilə müşaiyət olunan video reportaj hazırlayıb. Mənbə1, Mənbə2 Bu hal, yəni “Sabereen”in Krım yarımadasında müxbirinin olması Rusiyanın rəsmi şəxsləri ilə onlar arasında əlaqələrin mövcud olmasına fakt kimi dəyərləndirilib.

9 aprel 2021- ci il tarixində Vaşinqtonun “Yaxın Şərq İnstitutu” “Sabereen news” kanalı barədə araşdırma materialı dərc edib. Burada kanalın aid olduğu silahlı şiə yaraqlı qrupları, eləcə də İran İslam Respublikasının Dövlət Teleradio Şirkəti də daxil olmaqla texniki və maliyyə dəstəyi aldığı mənbələr qeyd edilib. Araşdırmada, həmçinin bildirilir ki, veb saytların ələ keçirilməsi kimi müxtəlif kiber hücumlar təşkil edən, eləcə də müxtəlif istiqamətlər və məqsədlər üçün dezinformasiyaların yayılmasını təşkil edən kanal Telegramda Azərbaycan və Türk dillərində də kanal açıb, lakin həmin kanallar hazırda aktiv deyil. (Mənbə) Bundan başqa, yazıda “Sabereen news”un Telegramda “Saberin Təhlükəsizlik Araşdırmaları və Analizləri” adlı (bəzi vaxtlarda “Əbabil” və “əl-Meymun” kimi də adlandırılıb- red.) “araşdırma kanalı” da istifadə etdiyi vurğulanıb.

Sözügedən institut 11 aprel 2022- ci ildə kanalla bağlı yaydığı digər araşdırmada onun 28 mart- 8 aprel tarixində fəaliyyətini dondurduğu, qayıdacaqları ilə bağlı “Sepah”ın “Qüds Qüvvələri”nin sabiq komandanı Qasım Süleymaninin məşhur cümləsini dərc etdiyini bildirib.

İranın rəsmi İRNA xəbər agentliyi kanalın fəaliyyətini dayandırmasını onun İraqın “Kürdüstan Demokatik Partiyası”nın rəsmilərindən biri- ölkənin şiə ruhanilərindən birini təhqir etməsinə dair yaydığı xəbərlə əlaqələndirib. Vaşinqtonun “Yaxın Şərq İnstitutu” isə bu səbəbdən kanalın fəaliyyətini qısa müddətli olaraq dayandırmasında “Sepah”ın müdaxiləsi ehtimalını irəli sürüb.

Qeyd etmək lazımdır ki, “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun (“Sepah”- red.) da “Saberin” adlı xüsusi təyinatlı qüvvələri mövcuddur. Briqada 2000- ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərməkdədir. Lakin bu briqada ilə “Saberin” kanalı arasında hansısa əlaqələrin mövcud olub- olmamasına dair açıq mənbələrdə məlumatlara rast gəlinmir.

Qeyd edək ki, yeni qrupların bir çoxunun emblemi İranın İİKK-nın emblemlərinə bənzəyir və bu qrupların bəziləri əvvəlcədən mövcud olan şiə və sünni silahlı qruplarının adlarını və simvollarını kopyalayırlar.

Bu isə “Əsaib Əhli əl-Həqq”in loqosudur.

Əksər mənbələr “Sabereen News” -ni “Əsaib Əhli əl-Həqq” qruplaşmasına bağlı olduğunu yazırlar. Bu qruplaşma isə 2006-cı ildə “Ceyş əl-Mehdi” qruplaşmasından ayrılaraq müstəqil qrupa çevrilib və İrana meyilli şiə-milislərindən təşkil olunub.

Sabereen müqavimət media məkanından real və saxta xəbərləri bir araya gətirir, eyni zamanda müxtəlif milisləri və cəbhə qruplarını təmsil edən daxili mənbələrdən təqdim olunan bəyanatları və məlumatları dərc edir.

Aparılan araşdırmalar onu göstərir ki, “Sabereen”in həm də “Əshab əl-Kəhf” (AK) ilə uzun müddətdir xüsusi əlaqəyə malikdir və ona qrup adından bəzi iddia və bəyanatları dərc edir. “Əshab əl Kəhf” də “Əsaib Əhli əl-Həq”lə sıx əlaqəlidir.

Araşdırmalardan məlum olub ki, İslam Radio və Televiziya Birliyi, İraq Radio və Televiziya Assosiasiyası, Livan “Hizbullahı” və əlaqədar təşkilatlar “Sabereen”-ə texniki dəstək və maliyyə ayırıblar.

“Sabereen News”- son dövrlərdə bir neçə dövlətdə həyata keçirdiyi kiber hücumlarla yadda qalıb.

22 aprel 2022-ci ildə Türkiyənin üç internet saytına “Türkiyə Cumhurbaşkanlığı”, “Anadolu Agentliyi” və “Bayraktar” PUA-larını istehsal edən “Baykar”ın portallarına kiber hücumlar həyata keçirilib. Kiberhücumlar internet saytlarını qısa müddətə oflayn vəziyyətə salsa da, bir neçə dəqiqə ərzində xidmətlərini davam etdiriblər.

23 aprel 2022-ci ildə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi və Energetika Nazirliyinə qarşı kiber-hücum həyata keçirib. Kanal həmçinin Ramazan ayı ilə əlaqədar Səudiyyə Ərəbistanının kritik infrastrukturunda əməliyyat sistemlərini söndürdüyünü də elan edib.

24 aprel 2022 - ci ildə “Əl-Tahirə” komandası İraqın UTV və Əl-Fəllucə televiziyasının internet saytlarına kiberhücumlar barədə məlumat yayıb. Hücumdan sonra “Sabereen” də (sübut olmadan) saytların viruslarla yoluxduğunu iddia edib.

Bütün bunları yazmaqda məqsədimiz “Sabereen”-in sızdırdığı sənədlərdə rast gəlinən Azərbaycanın rəsmi qurumlardan birinə aid möhür və imzanın necə ələ keçirildiyini aydınlaşdırmaqdır. Maraqlıdır ki, bu ilin aprel ayında Azərbaycan Respublikası İcbari Sığorta Bürosunun internet resurslarının kiberhücuma məruz qalması haqqında məlumat sızdırılmışdı. Hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi bildirilirdi. Hakerin “DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunurdu. Qeyd edək ki, Azərbaycanda əvvəlki illərdə də müxtəlif özəl və dövlət qurumlarının məlumat bazalarına yönəlik bu cür kiberhücumların həyata keçirildiyi məlumdur. Belə ki, 2014-cü ildə “İslamic Cyber Army” adlı haker qrupu tərəfindən çoxsaylı özəl banklar, hökümət və hərbi saytlardan məlumatların oğurlanması məqsədilə kiberhücumlar təşkil edilib.

Bu məlumatların Sabereen-ə ötürülməsi və ya kiber hücumu həyata keçirən qrupun elə qeyd edilən kanalla bağlı olmasına ciddi şübhələr yaranır və bunu aydınlaşdırmaq üçün tərəfimizdən araşdırma aparılacaq.

Nəticə:

- Azərbaycandan Ukraynaya aviabombaların, lazerli avia-zərbə raketlərinin göndərilməsi haqqında sensassiyalı məlumat saxtadır;
- “Sabereen News” teleqram kanalının təqdim etdiyi avia-daşımaçılıq orderləri foto-montaj proqramları ilə hazırlanıb və saxtadır;
- “Sabereen News” teleqram kanalının məlumatına əsasən araşdırma aparmadan paylaşım edən “wingsofwar” (Müharibənin qanadları) teleqram kanalının yazdıqları heç bir fakta əsaslanmır.

Mənbə: (https://faktyoxla.az/az/news/view/2027/azerbaycandan-ukraynaya-silah-goenderilmesi-ile-bagli-iraq-kanalinin-yaydigi-melumat-saxtadir-arasdirdiq).

Mənbə: publika.az