Ukrayna müharibəsində PUA-lar niyə mühüm rol oynayır?

Ukrayna müharibəsində PUA-lar niyə mühüm rol oynayır?<span class="qirmizi"></span>

Rusiyanın 24 fevral tarixində Ukrayna ərazilərinin işğalı ilə başlatdığı müharibədə hər iki ölkə minlərlə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir. Bəs ən çox hansı PUA-lar istifadə olunur? PUA-lar niyə müharibədə həyati əhəmiyyət kəsb edir?

Ukrayna ordusunun hərbi arsenalına daxil edilən əsas hərbi PUA Türkiyə istehsalı olan Bayraktar TB2 dronlarıdır. Üzərində kameraların yerləşdirildiyi və kiçik təyyarə formasında olan bu PUA-lar lazerlə idarə olunan ağıllı silahlarla da təchiz edilə bilir.

Müdaifə məsələləri üzrə beyin mərkəzi sayılan RUSI-nin tədqiqatçısı Jack Watling-in sözlərinə görə Ukrayna müharibəyə 50-dən az PUA ilə başlayıb.

O bildirib ki, Rusiya isə “daha kiçik və daha sadə” Orlan-10 PUA-ları istifadə edirdi. Bu PUA-larda da kameralar var və raket ata bilirlər.

Watling hesab edir ki, müharibə başlayanda Rusiyada minlərlə bu tip hərbi dronlarlar olsa da, indi onların sayı bir neçə yüzdür.

PUA-lar nə qədər təsirlidir?

Hər iki tərəf düşmən mövqeyinin müəyyənləşdirilməsi və pilot vəzifələrində PUA-lardan olduqca səmərəli istifadə etdilər.

Watling-in fikrincə, Rusiya tərəfindən düşmən hədəfin müəyyən olunması və zərbə endirilməsi normal şərtlərdə 20-30 dəqiqə çəkirdisə, Orlan-10 dronlarının sayəsində vaxt itkisi 3-5 dəqiqəyə endirilib.

“London King’s College”də müdafiə məsələləri üzrə analitik Martina Miron bildirib ki, PUA-lar sayəsində Ukrayna məhdud canlı qüvvəsinin gücünü daha da genişləndirə bilib:

“Əgər düşmən mövqelərini aşkar etmək istəyirsənsə, bunun üçün xüsusi peşəkar dəstə göndərməyin lazımdır və bu zaman onların bir qismini itirə bilərsən. Lakin indi təhlükəyə atdığın tək qüvvə PUA-dır”.

Müharibənin ilk həftələrində “Bayraktar”lar çox yüksək qiymətləndirilib.

Miron PUA-lardan istifadə nəticəsində Ukrayna ordusunun Rusiyanın hərbi sursat anbarlarını partlatdığını və Moskva döyüş gəmisini batırdığını qeyd edib.

O, həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bir çox “Bayraktar”ı sıradan çıxardığını da diqqətə çatdırıb.

“Onların həcmi olduqca genişdir və yavaş hərəkət edirlər. Bundan əlavə, “Bayraktar”lar orta yüksəklikdə uçduqları üçün onları vurmaq asanlaşır”.

Mülki PUA-lar nə məqsədlə istifadə edilir?

Hərbi dronlar olduqca bahadır. Bir Bayraktar TB2-nin qiyməti təxminən 2 milyon dollardır.

Ona görə də hər iki tərəf, xüsusilə Ukrayna hərbi arsenalında DJI Mavic 3 kimi dəyəri 2 min dollar olan dronların daha ucuz ticari modellərinə maraq göstərməyə başladı.

Ukraynada fəaliyyət göstərən PUA istehsalçılarından birinin verdiyi məlumata görə, Ukrayna ordusunda təxminən 6 min PUA var, lakin bunun sayını dəqiq bilmək mümkün deyil.

Ticarət məqsədli PUA-lar kçik bombaları daşımaq üçün əlverişli olsa da, bu tip dronlar daha çox düşmən mövqelərini müəyyənləşdirməkdə və hücumun idarə edilməsində istifadə olunur.

“Ukraynanın Rusiya qədər hərbi sursatı yoxdur. Mövqe müəyyənləşdirmək və hücumu idarə etmək üçün “havada gözlərinin olması” onlara əllərində olan bütün imkanı istifadə etmə şansı verir”, – Miron deyib.

Bununla belə ticarət məqsədli PUA-lar hərbi dronlarla müqayisədə çox zəifdir.

DJI Mavic-in maksimum uçuş məsafəsi 30 kilometrdir və sadəcə 46 dəqiqə havada qala bilir.

Ucuz və kiçik dronların uçuş müddəti və məsafəsi isə daha azdır.

Özlərini PUA-lara qarşı necə qoruyurlar?

Mironun sözlərinə görə, Rusiya hərbi PUA-lara qarşı radar müdafiə sistemi və ticarət məqsədli dronlara qarşı isə elektrikli cihazlar istifadə edir.

“Rusiya ordusu PUA-lara qarşı Stupor elektromaqnetik silahdan yararlanır”, – Miron bildirib.

Bu cihaz GPS-dən istifadə edərək ticarət məqsədli PUA-ların idarəetməsini iflic edə bilir.

Bununla belə, Rusiya Aeroscope kimi sistemlərdən də istifadə edərək ticarət məqsədli dronlarla operatorlar arasında əlaqəni kəsmək gücünə sahibdir.

RUSI-nin hesabatlarına əsasən Ukraynanın bir dronu ancaq bir həftə davam gətirə bilir.

PUA-ları kim təmin edir?

Ağ Evə görə, Rusiya “Shahid” hərbi dronları İrandan alır.

Yəməndəki Husi qruplaşması Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı bu PUA-lardan istifadə edir.

ABŞ isə Ukraynanı “Switchblade” tipli kamikadze dronları ilə təmin edir. Bunlar partlayıcı daşıyırlar və hədəfi tapana kimi havada qalırlar.

Elon Musk-ın sahib olduğu SpaceX şirkəti də Ukraynaya Starlink peyk idarəetmə sistemləri göndərir. Bu sistemin əsas məqsədi ticarət məqsədli dronlarla operatorlar arasında təhlükəsiz rabitəni qorumaqdan ibarətdir.

DJI isə həm Ukrayna, həm də Rusiyaya PUA satışını dayandırıb.

Ukrayna PUA-ların pulunu necə ödəyir?

Ukrayna 200 ədəd hərbi dron almaq üçün yardım istəyib.

Watling-in sözlərinə görə, Ukraynanın “Bayraktar” kimi kiçik və sabit qanadlı kəşfiyyat dronlarına da ehtiyacı var.

Onlarla insan Ukraynaya yardım üçün ianə göndərir.

Eurovision musiqi yarışmasının qalibi Kalush Orchestra da qazandıqları mükafatı 900 min dollara sataraq, vəsaiti PUA alınması üçün ianə etdi. Bu pulla üç ədəd Ukrayna istehsalı olan PD-2 dronları alınacaq.

Mənbə: ted.az