"Arıların nəsli kəsilsə, insan çox yaşamayacaq" - Proses artıq başlayıb

"Arıların nəsli kəsilsə, insan çox yaşamayacaq" - Proses artıq başlayıb<span class="qirmizi"></span>

Alimlər arıların hər zaman olduğundan daha çox stresli olduqlarını aşkar ediblər. Bu vəziyyətin səbəbi iqlim dəyişikliyidir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, yer üzündə həyatın davamlılığı baxımından ən mühüm rollardan biri arılara aiddir. Arılar sayəsində çiçəklər və ağaclar varlığını davam etdirir.

Son zamanlar isə, arılar artan stres altındadır. Arıların yaşadığı stress probleminin səbəbi qlobal istiləşmə və bunun nəticəsində baş verən iqlim dəyişikliyidir.

Tədqiqatçılar 1900-cü illərdən bəri arılarda baş verən dəyişiklikləri müqayisə edərək problemin nə qədər ciddi olduğunu ortaya çıxarıblar.

London İmperial Kolleci və Təbiət Tarixi Muzeyi arılar üzərində apardıqları iki fərqli araşdırmanın nəticələrini dərc ediblər.

Bu araşdırmalardan birincisi 1900-cü ildən bəri arıların bədən quruluşu ilə bağlı toplanmış məlumatların araşdırılmasına yönəlib.

Rəqəmsal görüntüləmə üsullarından istifadə edilən araşdırmada arıların qanadlarının simmetriyasının stress səbəbiylə pozulduğu ortaya çıxıb.

Böyük Britaniyada arı növləri üzərində aparılan bir araşdırmada arılar üzərindəki stressin 1925-ci ildən bəri davamlı olaraq artdığı müəyyən edilib. Bu vəziyyət bütün müxtəlif arı sortlarında az-çox eyni şəkildə müşahidə edilib.

“Journal of Animal Ecology”-də dərc olunan məqalədə arıların qanadlarındakı asimmetriyanın orta temperaturun daha yüksək olduğu və yağıntıların daha sıx olduğu illərdə ən yüksək səviyyəyə çatdığı bildirilib.

Başqa bir araşdırmada isə 130 il əvvəl muzeylərdə saxlanılan arı qalıqlarının DNT araşdırması həyata keçirilib. Alimlər arıların ayaqlarından birindən DNT nümunəsi götürərək tədqiqatlar üçün əsas geni müəyyən edə biliblər. Bu gen üzərində aparılan araşdırmalar arıların genetik müxtəlifliyinin azaldığını ortaya çıxarıb.

Hazırda elm adamları arıların iqlim dəyişikliyinə necə uyğunlaşdıqlarını təfərrüatlı təhlil etməyə çalışırlar.

Bir daha xatırlatmaq lazımdır ki, arıların nəsli kəsildikdən sonra insan çox yaşamayacaq.

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info