“Mail.ru” istifadəçilərinin nəzərinə: “Yeni və ciddi təhlükə”


AppStore platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib. Hazırda bu holdinqə daxil olan “Vkontakte” sosial şəbəkəsi, VK Play, "VK Музыка", "VK Клипы" "VK Мессенджер", "VK Админ", "Почта Mail․ru" və "Облако Mail.ru" mobil servisləri AppStore platformasında görsənmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib. Qlobalda monitorinq aparan “Netblocks” da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib. Düşünmək olar ki, “Apple”dan sonra qısa müddətdə “Google” da bu addımı atacaq və pley marketdən də adı çəkilən resurslar silinə bilər. Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək. Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və sair. Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar “Mail.ru” servisindən istifadə edir. Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (“Facebook”, İnstagram, TikTok və s.) qeydiyyatdan keçənlər var. Baxmayaraq ki, hələlik “Google” bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyyə ondan ibarətdir ki, “Mail.ru”dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər. Məktubların daşınmasını “Mail.ru”ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük. “Mail.ru” datanı və kontaktları yeni “gmail” ünvana köçürmək elə də problem yaratmır. “Gmail”də belə imkanlar nəzərdə tutulub. Amma gərək bu addım zamanında atılsın. Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı “Apple” şirkətinə sorğu göndərib.
Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur .O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur. Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır. Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində dayandırılıb”, - deyə o qeyd edib.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Rusiyalılar Gürcüstanla sərhəddə tıxacda qalan avtomobillərini satırlar – FOTO

SONRAKI XƏBƏR

Neftçalada 14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb