Azərbaycanda Ümumdünya Kosmos Həftəsi başlayıb

Oktyabrın 4-də Azərbaycanda Ümumdünya Kosmos Həftəsinin açılış mərasimi olub.

"Report" xəbər verir ki, oktyabrın 10-na qədər davam edəcək Həftənin yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir ("Azərkosmos").

Açılış mərasimində Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan – Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər. Məqsəd kosmos və bu sahədə təhsilin əhəmiyyəti barədə ictimaiyyətdə məlumatlılığı artırmaq, davamlı iqtisadi inkişaf üçün məsafədən müşahidə peyklərindən istifadəni təşviq etmək, gənclər arasında elm, texnologiya, mühəndislik sahəsinə marağı yüksəltməkdir.

“Əminəm ki, Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçirdiyimiz tədbirlər sayəsində cəmiyyətimiz kosmosun vacibliyi və kosmosdan əldə etdiyimiz faydalar haqqında daha çox məlumatlı olacaq”, – deyə "Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov bildirib.

Qonaqlar daha sonra “Azersky” peykinin təsvirlərindən ibarət qalereya ilə tanış olublar.

"Azərkosmos" bu həftə ərzində ali təhsil müəssisələri, ABŞ-nin Azərbaycandakı Səfirliyi, “Tusi Bohm Planetarium”un dəstəyi ilə ölkədə ilk dəfə silsilə tədbirlər keçirəcək. Məktəblilərlə görüşlər, universitetlərdə seminar və sərgilər təşkil olunacaq. Tədbirlərdə Azərbaycanın kosmik sahədə gördüyü işlər, peyk layihələri, "Azərkosmos"un təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin ölkə üçün əhəmiyyəti barədə təqdimatlar nümayiş olunacaq.

Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçiriləcək tədbirlərin siyahısı ilə keçidə daxil olaraq tanış olmaq mümkündür.

Kosmos Həftəsi üçün bu tarixlərin seçilməsi 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki olan “Sputnik-1” peykinin orbitə çıxarılması, dövlətlərin Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixində imzaladıqları müqavilənin qüvvəyə minməsi ilə əlaqədardır. Bu barədə qərar 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilib.

Azərbaycan Ümumdünya Kosmos Həftəsi təşəbbüsünə 2015-ci ildə qoşulub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Markov: Bakı 2025-ci ilə qədər bu əraziləri qaytaracaq

SONRAKI XƏBƏR

Mədəniyyət naziri: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"