“Tiktok” rəsmiləri Azərbaycanda: Açılacaqmı?

“Tiktok” rəsmiləri Azərbaycanda: Açılacaqmı?<span class="qirmizi"></span>

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “TikTok” rəsmiləri ilə görüş keçirib.
Bu barədə Osman Gündüz şəxsi “Facebook” hesabında paylaşım edib:
“ “TikTok”un Şərqi Avropada dövlət qurumları və korporativ məsələlər üzrə məsul nümayəndələri Aleksandr Strax və Sergey Sokolov ilə görüşdüm. Görüşdə Azərbaycanda “TikTok”-un rəsmi olaraq müvəqqəti bloklanması və bu platformanın milli informasiya mühitimizdə yeri haqqında qurumun rəsmilərini məlumatlandırdım. Belə anladım ki, onların ölkəmizə səfəri “TikTok”-un bloklanmasından öncə planlanıb”.
Görüşün “TikTok” rəsmilərinin təşəbbüsü ilə həyata keçirildiyini bildirən Osman Gündüz onların bir neçə dövlət qurumları ilə bu sosial platformanın ölkəmizdə gələcək fəaliyyəti ilə bağlı məsləhətləşmələr də aparıldığını qeyd edib.
Onun sözlərinə görə, görüşdə “TikTok”un ölkəmizdə gələcək fəaliyyəti bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması və azərbaycandilli faydalı kontentin yaradılması imkanları, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılması imkanları, valideynlərin rəqəmsal savadlılığının artırılması və s. istiqamətdə fikir mübadiləsi aparılıb.

Həmçinin, Osman Gündüz uşaqların və yeniyetmələrin “TikTok”da təhlükəsizliyinin qorunması yolları ətrafında da müzakirələr aparıldığını vurğulayıb.

Mənbə: aktualxeber.az