Vətən Müharibəsinə töhfə verən Səlcuq Bayraktarın DOĞUM GÜNÜDÜR

Vətən Müharibəsinə töhfə verən Səlcuq Bayraktarın DOĞUM GÜNÜDÜR<span class="qirmizi"></span>

 

Bu gün türk Pilotsuz Uçuş Aparatı (PUA) “Bayraktar TB2”nin yaradıcısı, türkiyəli iş adamı və mühəndisi, "Baykar Makina" şirkətinin texniki direktoru Səlcuq Bayraktarın doğum günüdür.

Bizim.Media xəbər verir ki, 43 yaşını qeyd edən Bayraktar 1979-cu il oktyabrın 7-də İstanbulun Sarıyer rayonunda anadan olub.

O, 1997-ci ildə İstanbul Texniki Universitetinin Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilə başlayıb. 2002–2004-cü illərdə isə Pensilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra Massaçusets Texnologiya İnstitutunu pilotsuz hava vasitələrinin kəskin manevr nəzarəti üzrə təqaüdlə bitirib və ikinci magistr dərəcəsi alıb.

Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı “Bayraktar”ın yaradıcısı olub. O, Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir.

S.Bayraktar həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, 2016-cı ildə prezidentin qızı Süməyya Ərdoğanla ailə həyatı qurub və bir övladı var.

Azərbaycanın 2020-ci il 27 sentyabr-10 noyabr aralığında apardığı 44 günlük Vətən Müharibəsindəki qazandığı qələbədə “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının da mühüm rolu olub. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il aprelin 1-də Səlcuq Bayraktarı qəbul edərək, onu “Qarabağ” ordeni ilə təltif edib.

Bizim.Media kollektivi olaraq Səlcuq Bayraktarı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.

Bizim.Media

Mənbə: bizim.media