İqlim dəyişmələrinin daha dəhşətli fəsadları üzə çıxır

İqlim dəyişmələrinin daha dəhşətli fəsadları üzə çıxır<span class="qirmizi"></span>

Ümumdünya Meteorologiya Təşkilatı bütün dünyada iqlim dəyişmələri ilə əlaqədar həyəcan təbili çalıb. Qurumun “2022-ci ildə iqlim dəyişmələri haqqında” hesabatına görə, Avropadan Aralıq dənizi bölgəsinə qədər ərazidə quraqlığın təsir dərəcəsi sürətlə artır. Bu baxımdan Avropada ən pis vəziyyət 2022-ci ilin avqust ayında müşahidə olunub. O vaxt Reyn, Luara və Dunay çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb.

Hesabatda qeyd edilir ki, 2021-ci ildə üç əsas istixana qazının (karbon 2-oksid, metan və azot oksidi) konsentrasiyası rekord səviyyəyə çatıb. Sənəddə vurğulanır ki, il ərzində metan konsentrasiyasının artımı ən yüksək səviyyədə olub. Bu çox mühüm məqamdır, çünki atmosferdə istiliyin saxlanmasında metan karbon qazından 25 dəfə güclü təsirə malikdir. İqlim dəyişmələri fəlakətli daşqınları və quraqlığı gücləndirməklə yanaşı, digər fəsadlara da yol açır. Məsələn, temperaturun yüksəlməsi Sibirdəki donmuş torpağda partlayışların baş verməsinə, dünyada xardal çatışmazlığına və planetimizdən əks olunan Günəş işığının zəifləməsinə gətirib çıxarır. İqlim dəyişikliyinin bir çox təsirləri dağıdıcıdır, bəziləri isə qəribədir. Bir sıra Rusiya alimlərinə görə, əbədi donu açılmaqda olan Sibirin donmuş torpaqlarında nəhəng kraterlər yerin təkindəki qaz həcmlərinin müəyyən yerlərdə yığılıb partlamasının nəticəsidir. Bu, nəhəng kraterlərin əmələ gəlməsini izah edən fərziyyələrdən yalnız biridir. Qeyd olunan proses planetimizin şimalındakı həmin soyuq, az sayda insanın yaşadığı ərazidə bəzi ciddi dəyişikliklərin baş verdiyindən xəbər verən narahatedici əlamətdir. Son tədqiqatlar göstərib ki, Arktika əvvəllər düşünüldüyündən daha sürətli, dünyanın qalan hissəsindən dörd dəfə daha sürətlə istiləşir. ABŞ-ın Nyu-Cersi ştatındakı “Big Bear” Günəş Rəsədxanası alimlərinin fikrincə, iqlim dəyişikliyi Yer kürəsinin "parıltısını" da azalda bilər. Gecələr Yerdən ayın qaranlıq hissəsinə əks olunan işığı ölçməklə, alimlər "Yer parıltısını", yəni Yerin Günəş işığını əks etdirmə qabiliyyətini ölçüblər. Tədqiqatlar göstərib ki, Sakit Okeanın şərqində aşağı bulud qatının qalınlığı okean temperaturunun istiləşməsi səbəbindən azalır. Bulud qatı Günəşdən gələn işığı güzgü kimi Kosmosa geri əks etdirdiyindən, bulud qatı azaldıqca əks olunan işıq da azalır. Beləliklə, alimlərə görə, iqlim istiləşməsi mavi planetimizin parıltısını zəiflədir. Belə vəziyyətdə istixana effektinə antropogen təsirin güclənməsi ona gətirib çıxaracaq ki, Yer kürəsinin quraqlıq bölgələrində vəziyyət daha da pisləşəcək. Stokholm Universitetinin alimləri bildirir ki, istixana qazlarının antropogen tullantıları nəticəsində bütün qitədə, xüsusən də Cənubi Avropada iqlim daha quru olub, bu da isti axınının güclənməsi və yanğın risqlərinin artması ilə nəticələnib. BMT-nin iqlim dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun məlumatına görə, quru üzərində istiləşmə okeanlar üzərində istiləşmədən əhəmiyyətli şəkildə daha sürətlə, müvafiq olaraq, orta hesabla 1,6 dərəcə və 0,9 dərəcə baş verir. Bu o deməkdir ki, quruda 1,5 dərəcə istiləşməyə yol verməməkdən ötrü zəruri olan istixana qazları tullantılarının qlobal büdcəsi artıq sərf olunub. Alimlər müəyyən ediblər ki, Avropanın çox hissəsində ilin yay ayları (aprel-sentyabr) ərzində 2 dərəcə istiləşmənin qarşısını almaqdan ötrü tullantıların büdcəsi artıq sərf olunub. Əslində, ölçmələr göstərir ki, Avropanın çox hissəsində yay aylarında istiləşmə son qırx ildə artıq iki dərəcəni üstələyib. Bundan başqa, Avropanın çox hissəsində daha az bulud olub, bu da havada su buxarının az miqdarda olması ilə bağlıdır.

Qlobal istiləşmə bəzi canlılara qəribə təsir edir. Bəzi sürünənlərdə yeni doğulan nəslin cinsi yumurtaların inkubasiya temperaturu ilə qismən müəyyən edilir. Bu xüsusda alimlər Avstraliyada rast gəlinən əjdaha adlı bir kərtənkələ növünə xüsusi diqqət çəkir. Həmin kərtənkələlərin genetik olaraq erkək kimi doğulmalı olan növlərinin müəyyən bir inkubasiya temperaturunda cinsi dəyişir və nəticədə yumurtadan dişi kərtənkələ çıxır. Beləliklə, alimlər dünya istiləşdikcə həmin kərtənkələlərdə erkəklərin getdikcə nadir halda doğulacağından və bunun nəticəsi kimi həmin növün kökünün kəsiləcəyindən ehtiyatlanırlar. Okeanda istixana qazı olan karbon dioksidin səviyyəsinin artması balıqlarda qoxu hissinin itirilməsinə səbəb ola bilər. İqlim dəyişikliyi həm də mövsümi sinxronizasiyanı hiss olunacaq dərəcədə pozur. Bu ilin aprel ayında Britaniyanın elmi cəhətdən ən çox öyrənilmiş meşəlik ərazisi olan “Wytham Wood”da 1940-cı illərlə müqayisədə arıquşlarının balaları yumurtdan üç həftə daha tez çıxıb. Digər hallar da var. Məsələn, elə həmin meşədə quşların yediyi tırtıllar, tırtılların yediyi palıd ağacının yarpaqları - bunların hamısının yetişmə dövrü istiləşmədən əvvəlki dövrlə müqayisədə hazırda bir neçə həftə daha tez baş verməkdədir. Fəsillərin cədvəlində dəyişiklik digər istiqamətlərdə də öz təsrini göstərir. İqlim dəyişiklikləri, hətta quşların yaratdığı səs landşaftına da öz təsirini göstərir. Londonda indi qeyri-mövsümi quşların nəğməsini eşitmək mümkündür. Aparılmış bir araşdırmaya əsasən, meşə quşları ağaclarda yarpaqlanma vaxtından əvvəl baş verdiyindən, yarpaqlarda səslərinin itib-batmaması üçün ağacların daha yüksək nöqtələrinə qonmalı olurlar. Ekstremal hava şəraiti qida yetişdirilməsini də çətinləşdirir. Bu artıq buğda, qarğıdalı və qəhvə kimi əsas məhsullara təsirini göstərib. Bu il bəzi ədviyyat çatışmazlığı da müşahidə edilir. Aprel ayında hər il təxminən 20 milyon şüşə “Sriracha” bibər sousu istehsal edən Kaliforniyada yerləşən “Huy Fong Foods” şirkəti müştərilərə bibərin ciddi qıtlığı barədə xəbərdarlıq məktubu göndərib. “Dijon” adı verilən xardal da tükənməyə başlayıb. Bu problem dünyada xardal toxumlarının çoxunun yetişdirildiyi Kanadada pis hava şəraitilə bağlıdır. İqlim dəyişikliyinin reallığı hətta karbon tullantılarından azad olmaq səylərinə də mane olur. Məsələn, Fransada EDF enerji şirkəti Fransadakı atom elektrik stansiyalarının gücünü azaltmalı olub, çünki Fransa çaylarında kifayət qədər sərin su yox idi. Beləliklə, Yer planeti iqlim dəyişikliyinin təsirini artıq hiss etməkdədir və bunun, çox güman ki, yeni qəribə fəsadları bizi təəccübləndirməkdə davam edəcək. Planeti qızdıran qazların kəskin şəkildə həcminin azaldılması yolları noyabrın 20-də işini bitirmiş BMT-nin İqlim Sammitində 200 ölkə tərəfindən müzakirə olunub. İştitakçılar əsas məqsədə necə çatmaq məsələsində yekdil fikrə gələ bilməsələr də, iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrə yardım göstərilməsi üçün xüsusi fondun yaradılmasında razığa gələ biliblər.

Ramil QULİYEV

Mənbə: www.baki-xeber.com