Azərbaycanda innovasiya ekosistemində ilk onlayn platforma istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) innovasiya ekosistemində ilk onlayn platformanı istifadəyə verib.

Bu barədə "Report"a Parkdan məlumat verilib.

Məlumata görə ki, Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platforması (ttcp.az) Azərbaycan innovasiya ekosistemində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə ilk onlayn platformadır. Platforma tədqiqatçılar, biznes subyektləri və digər ekosistem iştirakçılarının bir-biriləri ilə əlaqələr qurması, faydalı imkanlar tapması və məlumat şəbəkəsinə daxil olması üçün əlçatan, onlayn mərkəz rolunu oynayır. Həmçinin bir çox funsionallığa malik olan bu platformada istifadəçilər xidmətlərini təklif edə, digər xidmətlərdən faydalana bilərlər. Məqsəd Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın, yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq, həmçinin bu sahədə qlobal bazarlarla səmərəli əməkdaşlığı təmin etməkdir.

YTP və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində bu il oktyabrın 28-də Azərbaycan Texniki Universitetində keçirilən Forumda platformanın təqdimatı keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İNNOLAND-in rəhbər heyətləri ilə keçirilən görüşlərdə platformanın qısa təqdimatları keçirilib, tələbə və müəllim heyətinin bu platformadan istifadə edərək texnologiyaların kommersiyalaşdırılması proseslərinə cəlb edilməsi tövsiyə olunub.

İndiyə qədər bir çox müəssisələr, tədqiqatçılar, patent vəkilləri, startapçılar və digər kateqoriyadan olan istifadəçilər platformada qeydiyyat keçib, öz xidmətlərini yerləşdirib və müxtəlif layihə və həll metodları təklif ediblər.

YTP ilə STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti 2 il müddətində platformanın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən texniki imkanlarının və təşviqat işlərinin miqyasının artırılması nəzərdə tutulur.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Siyəzən sakinindən sənədsiz tüfəng aşkarlanıb

SONRAKI XƏBƏR

Dünya çempionatlarına seçim xarakteri daşıyan Azərbaycan birincilikləri başlayıb