“Tesla” 400 min avtomobili geri çağırır

“Tesla” 400 min avtomobili geri çağırır<span class="qirmizi"></span>

 

Pekin, 5 dekabr, AZƏRTAC

ABŞ-ın elektrik avtomobilləri üzrə iri şirkəti olan “Tesla” Çin bazarında satdığı 400 min avtomobili arxa faralarında qüsurlara görə geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası verib. Qurumun açıqlamasında qeyd olunur ki, proqram təminatındakı yanlışlıq avtomobillərin işıqlarının yanmamasına, bu da öz növbəsində qəzalara səbəb ola bilər.

Geri çağırılan avtomobillər 2020-2022-ci illərdə istehsal olunmuş “Model 3” və “Model Y” nəqliyyat vasitələridir. İstehsalçı şirkət geri çağırılan avtomobillərin müvafiq proqram təminatını yeniləyəcək.

Qeyd edək ki, “Tesla” avtomobilləri Çində çox populyardır. Bəlkə də bu səbəbdəndir ki, “Tesla”nın xaricdəki 2 zavodundan biri Çində yerləşir. Şanxayda 2019-cu ilin yanvarında təməli qoyulan zavod təxminən bir ildən sonra istifadəyə verilib. Ötən ay zavodda 100 min 291 avtomobil istehsal olunub ki, bu rəqəm zavod üçün aylıq rekorddur. İlin 11 ayında isə Şanxaydakı zavodda 650 min avtomobil istehsal olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az