Niyə proqramlaşdırma öyrənməliyik?

Niyə proqramlaşdırma öyrənməliyik?

Google-da axtarsaz, bir çox xarici mənbələrdə bu haqda çoxlu məqalələr tapa bilərsiniz: "Niyə proqramlaşdırma öyrənməliyik?", "Proqramlaşdırma öyrənmək üçün 8 səbəb" və s. Bütün məqalələrin başlıqları və yazılış tərzi fərqli olsa da, onları birləşdirən məzmun eynidir - İnsanlarda proqramlaşdırma öyrənməyə həvəs yaratmaq və onları həmin sahəyə yönəltmək. Əsas sual isə budur: Niyə insanlar proqramlaşdırma öyrənsin ki? Onsuz da bu sahənin mütəxəssisləri var və yaxşı pul qazanırlar, nə lazım olsa, pul verib yazdırarıq. Kapitalizm dövründə demək olar ki, ehtiyacın olduğu hər bir şeyi pul ilə almaq olar amma texnologiyanın sürətli inkişafı və ətrafımızı çevrəyə alan rəqəmsal dünya tələbləri biraz olsun bu tendensiyanı dəyişib. Bu məqaləmdə mən çalışacam, izah edim ki, proqramlaşdırma təkcə ixtisas olaraq yox, gələcəkdə hər bir şəxsin bilməli olduğu bir dil olmalıdır.

Baxın, müasir zamanda hər bir karyera qurmaq istəyən gənci araşdırsaz, onun hansısa bir xarici dili bildiyini, yaxud öyrəndiyini görə bilərsiniz. İngilis, Fransız, Rus, İspan və s. İnsanlar bu dili pul qazansınlar deyə yox, məhz başqa millətlərlə ünsiyyət qura bilsinlər, başqa mənbələrdən məlumat ala bilsinlər deyə öyrənirlər. Əvvəllər dil bilən insanlar çətin tapılırdı və onlar tərcümələr edərək yaxşı pul qazanırdılar. Amma zaman keçdikcə dil bilmə adi hala çevrildi. Artıq universitetlərlə tədrisin başlaması ilə 22 yaşlarda olan bir gəncin ən az bir xarici dil bildiyini görmüş oluruq. Proqramlaşdırma da indiki halda 20 il əvvəlin xarici dili kimidir. Hal-hazırda proqramlaşdırma pul qazanmaq, ixtisas, gəlir əldə etmək üçün istifadə olunur və elə düşünülür ki, proqramlaşdırma dili bilən proqramçıdır. Biz əgər xarici dil biliyindən məlumat almaq, axtarış etmək, insanlarla ünsiyyət qurmaq üçün istifadə ediriksə, zaman keçdikcə artıq proqramlaşdırma dillərindən də daha dərin məlumat almaq, maşın dilinin məlumatlarını almaq, robotlarla ünsiyyət qurmaq, maşın öyrənməsini qavramaq üçün istifadə edəcəyik.

Hazırda robotlar və düşünən maşınlar bizim üçün əlçatan deyil. Daha doğrusu çox yayılmış formada deyil. Amma gələcəkdə süni zəkaların birbaşa insan həyatına inteqrasiya edilməsi nəticəsində insanların proqramlaşdırma dili bilmə zəruriyyəti də ortaya çıxacaq. Doğrudur, süni zəkalar yəqin ki, sizin dildə yaxşı danışa biləcək və sizi hər cür başa düşəcək. Amma siz özünüz onun ana dilini, yəni kodlandığı dili bilsəz necə bəs? Bu ona qarşı olan hakimiyyəti tam əldə etmək və onu idarə etmək bacarığını sizə verəcək. Mənim ilk arqumentim məhz budur. Proqramlaşdırma yaxın bir neçə ildə artıq spesifik proqramçıların yox, hamının bildiyi bir dilə çevriləcək. Və bu dillər təkcə pul qazanmaq, ixtisaslaşmaq üçün yox, məlumat əldə etmək, maşını asan öyrətmək və süni zəkaları idarə etmək üçün istifadə olunacaq.

Proqram təminatının yaradılması kursu - STEP IT Academy

İkinci arqumentim isə transformasiya ilə bağlıdır. Yəqin ki, bir çoxunuz ötən həftə Elon Musk-ın yeni Neuralink layihəsi haqqında məlumat əldə etdiniz. Əgər etməmisinizsə bu linkdən detallı məlumat ala bilərsiniz. Elon-un yeni layihəsi çılğın bir ideyanı qovalayır - insanların beyninə çip yerləşdirmək. Bu çip sizə sağlamlığınız, bədəninizdə olan mikroblar, xəstəliklər və potensial təhlükələr barədə xəbər verəcək. Gələcəkdə isə bu çiplər vasitəsilə qısa zamanda sizin yaddaşınıza yeni xarici dil yüklənə bilər. Açığı fantastik səslənir amma alimlər bunun texniki və bioloji olaraq mümkünlüyü haqqında daima fikirlər səsləndirirlər. Və bütün bunların kökündə yenə proqramlaşdırma dilləri yatır. Əgər "Kingsman" filminə baxmısınızsa, (DİQQƏT SPOİLER!) orada insanlara verilən çiplərdən və bu çiplər vasitəsilə sonradan onların beyinlərinin partladılmasından xəbərdarsınız. Çox futuristik səslənir amma bu da real olaraq mümkündür və görünən odur ki, biz həmin istiqamətə doğru gedirik. Bəlkə də elə həmin filmlə bizə mesaj vermək istəyiblər gələcəkdən? Elon isə həmin layihəni gətirir? Bu fikirləri söyləməkdə məqsədim isə 2-ci arqumentimə əsas gətirməkdir. Biz o çipin çalışdığı proqamlaşdırma dilini bilsək, təhlükədən daha tez qaçarıq bəlkə? Proqramlaşdırma sizi gələcəkdə başqaları tərəfindən idarə olunma təhlükəsindən azad edə bilər. Məhz bu səbəbdən düşünürəm ki, proqramlaşdırma gələcəkdə hamının bilməli olduğu sahə olacaq. Üçüncü arqumentim data ilə bağlıdır - yəni məlumat. Burada söhbət Big Data-dan gedir - böyük məlumat bazasından. Hazırda dünyada baş verən siyasi prosesləri dəyərləndirsək, silahlı müharibələri əvəzləyən iqtisadi müharibələri yeni bir münaqişə əvəzləməyə başlayıb. Texnoloji münaqişə və müharibə. Son aylarda Çin və ABŞ arasında baş verən bloklama və sanksiyalar əslində nə silahlı nə də iqtisadə müharibədir. Bu birbaşa ABŞ və Çinin texnoloji savaşının başlanğıcıdır. ABŞ-ın Huawei-yə qoyduğu qadağaların altında əslində cihazlar yox 5G texnologiyası yatır. Huawei-nin böyük mobil şəbəkə istehsalçısı olduğunu bilirik və bu texnologiyanı 5G-ni ilk tərtib edən və yayan şirkətlərdən olması, ABŞ-ı narahat etməyə bilməzdi. 4G-dən sonra itiriləcək milyardalarla dollardan əlavə ABŞ 5G mövzusunda Çinə uduzduğu halda, milyardlardan əlavə itirəcəyi bir şey daha var idi və bu məncə ən vacibi idi - DATA.Milli.Az technote.az-a istinadən bildirir ki, əgər Çin 5G texnologiyası ilə təchiz olunmuş ötürücüləri bütün dünyaya satsa, Çin dünyanın ən güclü məlumat bazasına sahib dövlətlərdən birincisi olardı. Milyardlarla insanların danışıqları, şəxsi məlumatları və birbaşa telefonlarındakı məlumatlara sahib olma. Bax bu texnoloji savaşdır. Necə ki, bugün Çin, ABŞ-ın nəhəng texnologiya şirkətlərinə (Google, Amazon, Facebook və s.) öz daxilində fəaliyyət göstərməsinə imkan vermir. Digər tərəfdə Rusiya öz sosial şəbəkələrini, öz messenger tətbiqlərini yaradır. Bütün bunların kökündə yatan məqam isə data - yəni məlumatlardır. İnsanların şəxsi və istifadəçi məlumatları. Ən son "Cambridge Analytica" məsələlərindən sonra insanların məlumatları vasitəsilə təkcə Facebook üzərindən Trump-ın necə prezident seçilməsinə təsirini yəqin ki, özünüz gördünüz. Hətta buna aid Netflix çox yaxşı bir sənədli film hazırlayıb - The Great Hack. Böyük güclər həmişə ən çox məlumata sahib olmaq və bu məlumatı başqa böyük güclərə ötürmək istəmirlər. Bunun isə bir adı var Texnoloji müharibə. Biz hazırda bunun başlanğıcındayıq, bizi 5-10 il sonra nələrin gözlədiyi məlum deyil. Mənim 3-cü arqumentimin əsasında isə bu dayanır. Əgər bir müharibədə iştirak etmək istəyirsinizsə, sizə silah lazımdır. Texnoloji müharibənin silahı isə kodlardır. Siz proqramlaşdırma bilmədən bu müharibədə iştirak edə bilmərsiniz. Yuxarıda proqramlaşdırma öyrənmək üçün sadaladığım arqumentlər əsasən gələcəklə bağlıdır. Bəlkə bunlar reallaşmaz deyib, əşi mənə indiki dövr lazımdır, müharibə də istəmirəm deyirsinizsə, onda diqqətinizi məqaləni oxumağa fokuslamaqda davam edin. İndi isə mövcud vəziyyətdə sizə proqramlaşdırmanın faydalı tərəflərindən danışacam və çalışacam ki, bunu da daha 3 arqumentlə izah edim.

1-ci arqument - məntiqi təfəkkürün inkişafıdır. Proqramlaşdırma bilən insanların həyata və hadisələrə yanaşmaları təmamilə fərqli olur. Onlar eynən alqoritmlərdəki kimi hadisələr arasında səbəb-nəticə əlaqəsi qururlar. Bu niyə baş verdi? Kökündə nə yatırdı və əsas səbəb nə idi? Yanaşma birbaşa onlara məntiqini və təfəkkürünü işə salmasına gətirib çıxarır. Buna görə də proqramçılar dəqiq vaxtları, dəqiq işləməyi, mübahisə edən zaman tutarlı arqumentlər gətiməyi sevən insanlar olurlar. Bunun da kökündə məhz alqoritmik düşüncə tərzi yatır. Bu isə tək tərz deyil, məntiqi qavrama, riyazi analiz və düşüncədən də asılıdır. 2-ci arqument - sərhədsizlikdir. Proqramlaşdırma dili bilmək sizə qlobal əhatəyə rahatlıqla çıxmanıza səbəb olur. Hətta xarici dil bilməsəniz belə. Məsələn, ingilis dili bilməyən bir proqramçı, öz bildiyi proqramlaşdırma dilinə uyğun internetdə axtarış edəndə, hansısa problemi rahatlıqla həll edə bilir. Çünki, proqramlaşdırma dili standartdır. Siz alqoritmi oxuyub, anlaya və analiz edə bilərsiniz. Elə bu səbəbdən də siz əgər burada həkim, müəllim yaxud digər ənənəvi peşə sahibi olmusunuzsa, bu peşə ilə xaricdə gedib işləmək istəsəniz, sizdən həmin ölkənin yaxud getdiyiniz ölkənin tanıdığı diplomu istəyəcəklər. Amma proqramlaşdırma elə bir sahədir ki, siz diplomsuz da təhsilsiz də burada gördüyünüz işi, gedib Amerikada, Yaponiyada hətta gələcəkdə gedib, Marsda da edə bilərsiniz. Sırf bu baxımdan proqramlaşdırma dillləri sərhədsiz, baryersiz və maneəsizdir. 3-cü arqument - puldur. Bəli, bəlkə də ən vacib məsələni ən sona saxladım. Sözsüz ki, proqramçılıqda kobud dildə desək, yaxşı pul var. Çünki, bu sahəyə tələb gündən-günə artır. Qlobal bazarda proqramçının əməyinin dəyəri çox yüksəkdir və illik ortalama qazancları həqiqətən gözləri qamaşdırır. Təbii ki, Azərbaycanda ABŞ və digər Avropa ölkələrindəki qədər qazanc olmasa da, məvaciblər elə də pis deyil. Bu barədə bizim kiçik araşdırma xarakterli məqaləmizi nəzərdən keçirməyinizi məsləhət görərdim. Əlavə olaraq əgər siz burada olan qazancı bəyənmirsinizsə, daha çox qazanım deyirsinizsə, bu sahənin üstünlüklərindən istifadə edib, elə evinizdə, ofisinizdə oturub xarici bazar üçün işlər görə bilərsiniz. Əgər hazırladığınız məhsul rəqəmsaldırsa, və bu ən əsas sizin beyin məhsuludursa, niyə də başqa yerə gedəsiniz, öz kodunuzu, işinizi, əməyinizi onlayn da sata bilərsiniz.

 

Bu məqaləni gəncləri proqramlaşdırmaya həvəsləndirmək, valideynlərdə bu sahəyə maraq yaratmaq üçün hazırladım. Proqramçı olmaq, proqramlaşdırma dilləri bilmək, sizin və bəlkə də sizin vasitənizlə bizim gələcəyimizi dəyişə bilər.

Milli.Az

Mənbə: news.milli.az