Dünyanın ən səssiz otağı: burada 1 saatdan çox qalanlar dəli ola bilər - FOTO

Dünyanın ən səssiz otağı: burada 1 saatdan çox qalanlar dəli ola bilər - FOTO<span class="qirmizi"></span>

Sükut hər birimizin zaman-zaman ehtiyac duyduğu bir şeydir, lakin siz dünyanın ən sakit otağında uzun müddət qalsanız, bu, sizi dəli edə bilər.

Ölkə.Az BBC-yə istinadla xəbər verir ki, “Microsoft”un 2015-ci ildə Redmonddakı baş qərargahında tikdirdiyi bu otaq -20,6 desibellə "planetin ən sakit yeri" olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

İnsanın eşitmə həddi 0 desibeldir, amma qulağımızın eşitməməsi səsin olmaması demək deyil. Məsələn, otaq temperaturunda hava molekullarının toqquşması nəticəsində -24 desibel səs yaranır.

Heç kim əks-sədasız bu otaqda bir saatdan çox qalmağa müqavimət göstərməyib. İçəri girənlər deyirlər ki, hətta öz tüpürcəklərini udmaq belə inanılmaz dərəcədə yüksək səslənir və bir nöqtədən sonra başları gicəllənir.

Gələcəyin texnoloji cihazlarının hazırlandığı bu otaq xarici səsin qarşısını almaq üçün altı qatlı beton divarın içərisində yerləşir.
“Microsoft” işçiləri bu otaqda elektron cihazları dinləyir, elektrik cərəyanı keçərkən elektron dövrə qurğusunda kondansatörlərin yaratdığı vibrasiyaları aşkarlamağa çalışır.

Kub şəklində olan otağın kənarları 6,36 metr uzunluğundadır. Bütün səthlər 1,2 metr səs uducu süngərlə örtülüb. Beləliklə, səsin divarlara dəyməsi və əks-səda verməsinin qarşısı alınır.

Bu otağın xüsusiyyəti heç bir şey eşitməməyiniz deyil, bütün digər xarici səslər aradan qaldırıldığı üçün öz bədəninizdəki ən adi səsləri belə eşidə bilməyinizdir.
Otağa girib qapını bağladıqdan qısa müddət sonra öz ürək döyüntülərinizi eşitməyə başlayırsınız, bir neçə dəqiqə sonra qan axını və sümüklərinizin necə cırıldığını eşidə bilərsiniz.

Əks-sədasız otaqda olanlar deyirlər ki, xarici aləmdən səs gəlmədikdə mütləq sükut tədricən qulaqlarınızda dözülməz cingiltiyə çevrilir.

Mənbə: olke.az