İran və Rusiya birgə dron zavodu tikməyi planlaşdırır

İran və Rusiya birgə dron zavodu tikməyi planlaşdırır<span class="qirmizi"></span>

Rəsmi Tehran və Moskva Rusiyada Ukraynadakı müharibə üçün İran istehsalı olan 6000-dən çox dron istehsal edə biləcək zavod tikmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ-la müttəfiqlik münasibətlərində olan ölkənin rəsmilərinə istinadən yazır.

Rəsmilər bildiriblər ki, İranın yüksək səviyyəli nümayəndə heyəti zavodun tikintisi planlaşdırılan əraziyə baş çəkmək və layihənin işə salınması ilə bağlı təfərrüatları müzakirə etmək üçün yanvarın əvvəlində Rusiyaya uçub.
Onların fikrincə, hər iki ölkə daha sürətli pilotsuz uçan aparat (dron) yaratmağa çalışır. Bu da Ukraynanın hava hücumundan müdafiəsi üçün yeni problemlər yarada bilər.

Nəşrin məlumatına görə, İran nümayəndə heyətinin yanvarın 5-də Rusiyanın Yelabuqa şəhərinə səfərindən sonra konkret planlar haqda danışılıb. Onlar iki ölkə liderlərinin yeni zavod tikməyi planlaşdırdıqları boş sahəni gəziblər.

İran nümayəndə heyətinə İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Tədqiqat və Təminat Cihad Təşkilatının rəhbəri, briqada generalı Abdullah Mehrabi və İranın Qüds Aviasiya Sənayesinin rəhbəri Qassem Dəməvandian daxil edilib.

İndiyədək İran Rusiyanı əsasən kamikadze adlanan və “Shahed-136” kimi tanınan dronlarla təmin edib.

Rusiya Ukraynanın elektrik şəbəkələrinə hücum etmək üçün dronlardan istifadə edib. Vaxt keçdikcə Ukraynanın hava hücumundan müdafiəsi pilotsuz təyyarələrin təhlükəsini xeyli dərəcədə zərərsizləşdirə bilib.
“Shahed-136” yavaş hərəkət edən və yüksək səslə pərlə idarə olunan drondur. Bu da onu aşkar etməyi və vurmağı nisbətən asanlaşdırır.

İndi rəsmilər deyirlər ki, İran Rusiya ilə birlikdə “Shahed-136” modelinin hazırlanması üzərində işləyir və o, daha sürətli və daha uzaqlara uçmasına imkan verəcək yeni mühərriklə təchiz ediləcək.

Zavod hələ tikilməyib, ona görə də istehsal xəttinin Ukraynada qüvvələr balansına dərhal təsir edəcəyi gözlənilmir.

Mənbə: bizim.media