Gələcəyin energetikası: Hidrogen “yeni benzin” olacaqmı?!

Gələcəyin energetikası:    Hidrogen “yeni benzin” olacaqmı?!<span class="qirmizi"></span>

Ənənəvi enerjidaşıyıcılarından asılılığın azaldılması və qlobal iqlim dəyişikliklərinin fəsadlarının neytrallaşdırılması bəşəriyyəti “yaşıl enerji”nin istehsalı istiqamətində çevik addımlar atmaq zərurəti qarşısında qoyur. Hazırda Avropanın enerji təhlükəsizliyində mühüm aktorlardan birinə çevrilən Azərbaycan da bu taleyüklü məsələdə öncüllər sırasında yer almaqdadır. “Yaşıl enerji”nin istehsalı, enerji istehlakında onun payının artırılması müstəvisində qlobal miqyasda atılan addımlar və bu sahədə Azərbaycanın hədəfləri, habelə onun potensialı barədə Energetika nazirliyinin böyük məsləhətçisi Elçin Tarquliyev AzVision.az -a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

- Ümumiyyətlə, hidrogen enerjisinin tarixi hansı köklərə gedib çıxır? Məsələn, bəzi mütəxəssislər deyirlər ki, hətt 18-ci əsrin sonuncu onilliklərində London küçələri qaz lampaları ilə işıqlandırılırdı ki, elə bunun özü əslində, bir növ, o vaxtdan hidrogen enerjisindən istifadə deməkdir.



- Hidrogen element kimi XVIII əsrin son 20 illiyində, təxminən 1776-cı ildə kəşf olunub. Bundan enerji mənbəyi kimi istifadə olunması isə XIX əsrin ortalarına təsadüf edir. Məhz həmin vaxt o, enerji mənbəyi potensialı kimi görünüb. 1936-cı ildə nəzəriyyədə və 1945-ci ildə isə praktikada sübut olunub ki, ondan həqiqətən də enerji almaq mümkündür. Ondan sonra ötən illərdə artıq yavaş-yavaş bunun fərqli texnologiyaları çıxıb. Sadəcə, burada əsas məsələ hidrogendən istilik, yoxsa elektrik enerjisinin alınmasıdır. İstilik enerjisinin alınması üçün bir az riskli elementdir. Çünki bu zaman çox böyük enerji ayrılsa da, çox tez yanır və qısa nüddətdə bitir. Amma elektrik enerjisinin alınmasına gəldikdə, oksigenlə birləşmədiyi üçün hidrogen çox qısa müddətdə yanmır və ondan çox uzun müddətdə elektrik enerjisi almaq mümkün olur.

- Hazırda hidrogen enerjisi hansı mənbələr hesabına alınır: qazın, suyun və yaxud da digər təbii enerji mənbələrinin hesabına?

- Hidrogen alınması bəlkə də ən çətin olan, amma ən fərqli növlərlə alınan elementlərdən biridir. Təbiətdə açıq və saf halda tapılmır. Onun istehsalı üçün təbiətdə 3 əsas növü bilinir: boz, mavi və yaşıl hidrogen.

Boz hidrogen təbi qazdan alınan hidrogenə deyilir. Burada karbon qazı havaya buraxılır və yerdə qalan hidrogen tutularaq istifadə olunur.
Mavi hidrogen boz hidrogenlə teyni exnologiya ilə istehsal edilir. Sadəcə, karbon qazı tutulur və yerin dibinə injeksiya olunur.
Yaşıl hidrogen isə bizim hal-hazırda dünyada məşhur texnologiyalar siyahısında yer alıb. Bu, bərpa olunan enerji mənbələrindən istifadə edilərək elektroliz yolu ilə hidrogenin alınmasıdıdır.

Lakin qeyd etdiyim bu 3 növdən də başqa hidrogenin alınması metodları mövcuddur və onların hər biri fərqli rənglə işarələnir. Məsələn, qəhvəyi və qara hidrogen kömürdən alınır, çəhrayı hidrogen atom enerjisindən, sarı hidrogen Günəşin istiliyi enerjisindən istehsal edilir. Ağ hidrogen isə Yerin dərin qatlarında saf halda olan hidrogendir ki, onun da çıxarılması üçün hələlik praktiki bir variant tapılmayıb.

- Əslində hidrogen enerjisindən istifadə sahəsinin inkişafında əsas məqamlardan biri də havaya zəhərli qazların, çirkli tullantıların atılmasının qarşısını almaq məsələsidir. Amma sizin dediyinizdən belə anlaşılır ki, istənilən halda həmin tullantıalr olur. Bu zaman həmin tullantıların faizi çox aşağı olduğuna görə hidrogenin istifadəsinə çalışırlar?

- Hidrogeni saf halda istifadə etməyə çalışsaq, hidrogen yandırma prosesində oksigenlə birləşərək saf suyu yaradır. Su isə heç bir tullantı maddəsi deyil. Kömürdən alınan boz hidrogen artıq çıxarılmasına çalışılan növdür. Həmin növ sadəcə, ağır sənayedə istifadə edilən hidrogen enerjisidir ki, bu da məcburiyyətdən irəli gəlir. Çünki polad istehsalında hidrogenə ehtiyac var və bunun ən rahat istehsalı təbii qazdan alınan boz hidrogendir. Bu həm ucuz başa gəlir, həm istehsalı rahatdır, həm də bunu istehsal etmək üçün məcburiyyət var. Amma biz əgər hidrogeni enerjini saxlamaq metodu kimi istifadə edəcəyiksə, onda daha təmiz alternativlərə keçməliyik ki, bu da mavi və yaşıl hidrogendir. Digərləri, hələlik, nəzəri cəhətdən mümkün olsa da, təcrübədə onların istehsalı daha çətin və daha bahadır.

- Hazırda istehsal olunan hidrogen enerjisi ənənəvi enerjidaşıyıcıları ilə qiymət, maya dəyəri rentabelliyi baxımından rəqabət apara bilirmi?

- Hal-hazırda apara bilmir. Amma İRENA-nın (beynəlxalq enerji agentliklərindən biri) hesabatına görə, bu inkişaf prosesi indiki sürətlə davam etsə 2030-cu ildə hətta yaşıl hidrogen belə rəqabət apara biləcək səviyyədə olacaq. Yəni onun da istehsalı bərpa olunan enerji mənbələri ilə eyni qiymətə gəlib çıxa biləcək.

- Bəs indinin özündə ümumilikdə dünyada istehlak olunan enerjidə hidrogen enerjisinin payı nə qədərdir və yaxın vaxtlarda bu nə qədər arta bilər?

- Hal-hazırda bu 1%-dən də aşağıdır. Hazırda istehlak olunan enerjinin 80%-ə yaxını və hətta bəlkə də daha çoxu ənənəvi enerjidir. Əgər biz istilik, nəqliyyat və elektrik enerjiləri kimi üçlüyü nəzərə alsaq bu göstərici hətta 90%-ə yaxınlaşır. Çünki nəqliyyat vasitələrinə baxsaq, demək olar ki, onların hamısı neft məhsulları işlədir, təsadüfi hallarda elektrik enerjisi ilə işləyənlər də var. Elektrik enerjisinin 60%-i ənənəvi enerjidir, isitmədə də ki, dünyanın böyük əksəriyyəti təbii qazdan və kömürdən isifadə edir. Bunların da hamısı ənənəvi enerji növləridir. Digər yerləri isə atom enerjisi və su elektrik stansiyaları (SES) tutur.

- Tutaq ki, sabah biz həqiqətən də hidrogen enerjisinin böyük həcminin istehsalına nail olduq, bəs onun nəqli necə həyata keçiriləcək və burada hansı çətinliklər mövcud ola bilər?

- Hidrogen enerjisi iki fərqli formada daşına bilər: qaz və ya maye halında. Qaz halında təbii hodrogen mövcud adi qaz borularına injeksiya olunaraq da daşına bilər. Təxmin olunur ki, hal-hazırda kəmərin potensialının 20-25%-ni hidrogen qazı ilə əvəzləyib daşımaq mümkündür. Lakin kəmərlərdə əsaslı yenidənqurma işləri aparılarsa hətta sırf hidrogen qazı daşıyan kəmərlər də istehsal oluna bilər.

Maye hidrogenin daşınması isə bir qədər çətin məsələdir. Çünki maye hidrogen mənfi 200 dərəcədən də aşağı temperaturda əldə edilir və bunu daşımaq üçün xüsusi “krayo” çənlər olur ki, o, da gəmi, bəzən də dəmir yolu vasitəsi ilə və yaxud da konteynerlərlə daşınır. Yəni xüsusi rezervuarlar olur ki, maye hidrogeni mənfi 200-250 dərəcədə saxlaya bilsin.


- Gəlin razılaşaq ki, bu cür enerjilərin istehsalı ilk növbədə yüksək texnologiyalara malik dövlətlərə aid ola bilər, yəni ilk növbədə onlar irəli gedə bilərlər. Bu baxımdan, dünyada hansı ölkələr daha çox uğura imza atıblar? Yəni bu sahədə irəliləməkləri ilə öyünə bilərlər?

- Bu sahə də iki yerə bölünür: hidrogenin potensial idxalçıları və potensial ixracatçıları. Potensial idxalçılar, yəni hidrogenə ehtiyacı olacaqlarını təxmin edən ölkələr inkişaf etmiş dövlətlərdir. Məsələn, Almaniya və Yaponiyadır. Bu ölkələr öz qanunvericiliklərinə belə hidrogen enerjisindən istifadəni daxil edib və bununla bağlı gələcək planlıarının hər birini prosedura yerləşdiriblər. Bir də potensial ixracatçılar var ki, bu da hal-hazırda ənənəvi enerji istehsalçılarıdır və onların sırasına bizim ölkəmiz də daxildir.
Bu sahədə hazırda Ərəbistan yarımadası ölkələri hidrogen istehsalını təşviq edib və iqtisadiyyatı şaxələndirmək üçün çox böyük investisiyalar yatırırlar. Təbii ki, hazırda bu texnologiyanın yayılması hələ tezdir. Çünki “yaşıl hidrogen” anlayışı hələ 5-10 il əvvəl meydana çıxıb və bərpa olunan enerjinin payı artdığı üçün bu gündəmə gəlib. Bundan əvvəl bizim enerji saxlamağa elə bir ehtiyacımız yox idi. Kiçik batareyalar bizə kifayət edirdi, ya da ki, çox böyük ölçüdə enerini saxlamağın başqa bir növü SES-lər idi. Amma indi bərpa olunan enerji növünün artmasını biz sabitləşdirməliyik ki, bu yöndə də ən uğurlu alternativ addım kimi hidrogen görünür.

- Bəs Azərbaycan hansı uğura imza atıb. Aydındır ki, bu yeni mövzudur və investisiyalar baxımından imkanlar məsələsi var. Bununla belə, biz bu müstəvidə kiçicik də olsa hansı uğurları qazanmışıq və potensialımız nədən ibarətdir?

- Azərbaycanın hidrogen enerjisinin istehsalı üçün iki fərqli variant var. Bir bərpa olunan enerjidən istehsal, bir də bizim təbii sərvətimiz olan qazdan istehsal. Bildiyimə görə, hidrogen enerjisinin təbbi qazdan istehsal olunaraq Cənub Qaz Dəhlizi (CQD) vasitəsi ilə Avropaya çatdırılması istiqamətində SOCAR tərəfindən müxtəlif qurumlarla araşdırmalar aparılır. Eyni zamanda, Energetika nazirliyi, bildiyiniz kimi, dənizdə külək enerjisindən istifadə edilməsi üçün yol xəritəsi üzərində işləyir. Dənizdə külək enerjisi isə çox böyük həcmdə—qiqavatlar (QVт) həcmində olur ki, ölkəmizin də bu potensialı 157 QVt təşkil edir. Əgər burada söhbət QVt-lıq külək stansiyasından gedirsə, həmin külək enerjisini sabitləşdirmək üçün müəyyən bir metoda ehtiyac olacaq. Burada da biz fərqli alternativləri fikirləşirik ki, bunların biri də elə yaşıl hidrogendir. Yol xəritəsinin özü də bu məqama toxunur və bunun da üzərində geniş araşdırmalar aparılır. Həm bərpa olunan enerji şəbəkəmizin payının artması, həm də daha təmiz ekologiyaya keçidimizi necə inteqrasiya etmək istiqamətində biz özümüz də potensial investorlarla danışırıq.

- Metod və metodologiya məsələsinə gəldikdə, bilirik ki, indiki dövrdə müəyyəm sahələrdə böyük uğurlar əldə etmiş dövlətlər, xüsusilə də yüksək texnologiyalara malik olan dövlətlər bunu başqaları ilə bölüşmək istəmirələr, buna qısqanclıqla yanaşırlar. Ümumiyyətlə, siz özünüz xüsusi bir qurumun təmsilçisi kimi qlobal miqyasda bu sahədə əməkdaşlığa bütün dövlətlər tərəfindən bir meyllilik görürsünüzmü, yoxsa yenə də bir qısqanclıq var?

- Biz hal-hazırda bərpa olunan enerji və yaşıl hidrogen sahələrində dünyanın bir çox ölkələri və qurumları, yəni şirkətlər, beynəlxalq maliyyə qurumları, Dünya bankı, beynəlxalq maliyyə korporasiyaları ilə əməkdaşlıq edirik. Həmin ölkələr bunun təşviqini artırmaqda maraqlıdırlar. Çünki Avropada iqlim sərtləşir. Təbii ki, biz Avropaya enerjidaşıyıcıları ixrac edən ən böyük ölkələrdən olmasaq da, ixracatçılardan biri olduğumuz üçün həmin şərtlərə cavab verməliyik. Bu şərtlərə cavab verməli olduğumuz üçün də oradakı şirkətlər də belə əməkdaşlıqda maraqlıdırlar. Belə ki, həmin şərtlərə əməl edilməsə onlar da bunun cəriməsini ödəmək məcburiyyətində qalacaqlar. Ona görə də, hər iki tərəfin marağındadır ki, bu mümkün mərhələ sürətlə inkişaf etsin.

- Ən azı, heç olmasa uzaq perspektivdə hidrogen enerjisi qlobal istehlakda, yəni həm vətəndaş istehlakında, həm də sənaye istehlakında ənənəvi enerjidaşıyıcılarını əvəzləyə biləcəkmi?

- Əgər 100% əvəzləmədən danışılırsa, har hansı bir enerji növünün digəri ilə tam əvəzləmək, məncə, nə yaxın, nə də ki, uzaq perspektivdə görünmür. Çünki bizim əsas məqsədimiz enerjini bir mənbədən yox, bir neçə mənbədən ala bilmək olmalıdır ki, bu mənbələrin hər hansı birində problem yaranarsa, ona əlçatanlığımız olmazsa, digər mənbələr hesabına bunu qarşılaya bilək. Hazırda qlobal miqyasda məqsəd ənənəvi enerjidaşıyıcılarının faizini azaltmaq və bu günkü mərhələdə daha kiçik fazilərə salmaqdır. Amma hətta kömürə belə müəyyən yerlərdə ehtiyac olacaq. Çünki elə ərazilər var ki, bizim ora hidrogen qazını daşımağımız mümkün deyil. Orada yalnız kömür və ya odun enerjisindən istifadə edə bilirlər. Elə yerə boru kəməri döşəmək və ya qaz, hidrogen daşımaq 5-6 dəfə daha baha başa gələcək. Ona görə də, hər hansı bir enerji növünü 100% əvəzləmək mümkün deyil. Hal-hazırda beynəlxalq hədəf 2050-ci ilə mümkün səviyyədə bərpa olunan enerji mənbələrini ənənəvi enerjiyə çatdırmaq və hətta onun önünə çıxarmaqdan ibarətdir. Burada isə hidrogen enerjisinin payı çox olacaq. Belə ki, bərpa olunan enerjinin ənənəvi enerjiyə çatması, qoyuluş gücündə 50-nin 50-yə nail olmaq məqsədi çox böyük şəbəkə sabitliyinə ehtiyac yaradacaq. Həmin şəbəkə sabitliyini biz hazırkı batareya texnologiyası ilə qarşılaya bilməyəcəyik. Ona görə də, bizə enerjini saxlaya biləcəyimiz bir metod lazımdır ki, bu da hal-hazırda hidrogendir.

Sahil İsgəndərov

 

Mənbə: azvision.az