“TEKNOFEST İstanbul” ziyarətçilərin sayına görə dünya rekordu qazanıb

“TEKNOFEST İstanbul” ziyarətçilərin sayına görə dünya rekordu qazanıb<span class="qirmizi"></span>

İstanbulda keçirilən 7-ci “TEKNOFEST” aerokosmik və texnologiya festivalını 5 gün ərzində 2,5 milyondan çox insan ziyarət edib, bununla da ziyarətçilərin sayına görə yeni dünya rekordu müəyyən olunub. Festival işini Ankarada davam etdirəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu İstanbulda keçirilən festivalın bağlanış mərasimində T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.

O xatırladıb ki, bundan əvvəlki dünya rekordu – 1,72 milyon ziyarətçi sayı Türkiyədə 2019-cu ildə böyük texnologiya tədbiri zamanı qeydə alınmışdı. Selçuk Bayraktarın sözlərinə görə, “TEXNOFEST” müsabiqələrində iştirak üçün bu il 1 milyondan çox insan müraciət edib.

“TEKNOFEST” aerokosmik və texnologiya festivalı 2018-ci ildən bəri T3 Fondunun və Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Festival cəmiyyətin, xüsusilə də gənclərin texnologiyalara marağını artırmaq, Türkiyənin müasir layihələri və nailiyyətləri barədə maarifləndirmə məqsədi daşıyır. “TEXNOFEST” çərçivəsində texnoloji müsabiqələr, aviasiya şouları, konsertlər, müxtəlif mövzularda diskussiyalar və digər maraqlı tədbirlər təşkil edilir.

Bu il Azərbaycan Prezidenti İlham Əliyev və Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe festivalın fəxri qonaqları olublar.

Mənbə: azertag.az